01.12.2017

Məktəblər arasında əməkdaşlıq

Təhsil müəssisələri tərəfindən birgə tədbirlər həyata keçirilir

 

Paytaxtdakı 5 məktəb arasında qarşılıqlı əməkdaşlıq qurulub. Bu iş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki N.Babayev adına 144 nömrəli tam orta məktəb tərəfindən reallaşdırılan “Tədrisin keyfiyyətinin yüksəldilməsində məktəblərarası əməkdaşlığın əhəmiyyəti” layihəsi çərçivəsində həyata keçirilir. Layihə Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə dəstəklənib. Layihəyə uyğun olaraq 144, 13, 182, 314 və 245 nömrəli tam orta məktəblərdə müxtəlif tədbirlər təşkil edilir. 

 

Məktəblər arasında birgə Fəaliyyət Planı

 

“Tədrisin keyfiyyətinin yüksəldilməsində məktəblərarası əməkdaşlığın əhəmiyyəti” layihəsinə sentyabrın 22-dən start verilib. Layihə ilə əlaqədar 144 nömrəli tam orta məktəbdə işçi qrup yaradılıb. Əməkdaşlığın qurulduğu ümumi təhsil məktəbləri rəhbərlərinin iştirakı ilə “dəyirmi masa” keçirilib, birgə Fəaliyyət Planı hazırlanıb.

Fəaliyyət Planına əsasən, həmin məktəblər arasında hərtərəfli sıx əlaqə qurulub. 

Layihə çərçivəsində məktəblər arasında metodiki sahədə əməkdaşlıq qurmaq məqsədilə də görüş təşkil olunub. Artıq metodiki işin təşkilinə dair öyrədici materiallar çap edilərək seminarlar üçün məktəb metodbirləşmə rəhbərlərinə təqdim olunur. Əməkdaşlıq edən məktəblərin müəllimlərinin ayrı-ayrı fənlər üzrə qarşılıqlı dərs dinləmələri, eləcə də ustad dərsləri keçirilir. 

Layihə çərçivəsində şagirdlərin bilik və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması məqsədilə müsabiqələr, idman yarışları keçirilir. Müsabiqələrin materialları işçi qrup və ekspertlər tərəfindən hazırlanır. Məktəblərdə sərgilər də təşkil olunur. Birgə praktik və onlayn dərslər, tanınmış tarixçilərin, müharibə veteranlarının və Azərbaycanın Milli Qəhrəmanlarının iştirakı ilə “dəyirmi masa”lar keçirilir. 

Layihə çərçivəsində reallaşdırılan bütün tədbirlərin foto və videoçəkilişləri aparılır. QHT və media ilə əlaqələrin qurulması da prioritet təşkil edir. 

 

Yüksək nəticə və planlar

 

İlkin nəticələrə əsasən deyə bilərik ki, artıq layihəyə qatılan məktəblərdə təhsil alan şagirdlərin sosial ünsiyyət bacarıqları inkişaf edir, istedadlı şagirdlər özlərini daha geniş dairədə təqdim edə bilirlər. Məktəblərdə praktik dərslərin və tədrisin keyfiyyəti artır, yeni ideyalar yaranır, müəllimlər daha da inkişaf edir, şagirdlərin öyrənmə imkanları genişlənir, onların təlim nəticələri yüksəlir. Təlim nəticələri zəif olan şagirdlərin öyrənmə motivasiyası artır. 

“Tədrisin keyfiyyətinin yüksəldilməsində məktəblərarası əməkdaşlığın əhəmiyyəti” layihəsi çərçivəsində tədbirlər dekabrın 22-dək davam edəcək. Bu o qədər uzun müddət kimi görünməsə də, layihə yekunlaşandan sonra da məktəblər arasında əməkdaşlıq sahəsində işlərin aparılması planlaşdırılır.

 

 

Həcər MAHMUDOVA, 

Bakı şəhər 144 nömrəli tam orta məktəbin direktoru


Açar sözlər: ,  ,  ,