22.12.2017

Məktəb psixoloqlarının peşə bacarıqları artırılır

Xüsusi təlim keçən psixoloqlar təcrübələrini paytaxt məktəblərindəki həmkarları ilə bölüşəcəklər

 

Bakı şəhərindəki ümumi təhsil məktəblərində fəaliyyət göstərən psixoloqlar üçün təlimlər təşkil edilib. Təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 189-190 nömrəli tam orta məktəb tərəfindən reallaşdırılan “Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması” layihəsi çərçivəsində keçirilib. Layihə “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə dəstəklənib. Sentyabrın 22-də start verilən layihənin icra müddəti 3 aydır. Layihənin həyata keçirilməsinin əsas məqsədi məktəblərdə psixoloji işin düzgün qurulması, psixoloqların maarifləndirilməsi, onlarda məktəb mühitini düzgün analizetmə qabiliyyətinin formalaşdırılması, şagird portfoliolarının yaradılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunmasıdır.

 

Məktəb psixoloqları üçün Fəaliyyət Planı

 

Layihə çərçivəsində Bakı şəhəri üzrə 11 ümumi təhsil məktəbini təmsil edən psixoloqlar üçün keçirilən təlimləri Rusiyadan olan ekspert Anna Antonova aparıb. Təlimlərdə məktəblərdə psixoloqların işinin səmərəli təşkilinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bir sıra sənədlər hazırlanıb. Təlimin sonunda layihə iştirakçılarına ekspert tərəfindən müvafiq tapşırıqlar verilib. Sonrakı mərhələdə ekspert və İşçi qrup arasında onlayn əlaqə saxlanılıb və fəaliyyət həyata keçirilib. İşçi qrup tərəfindən şagirdin psixolojı xəritəsi, məktəb psixoloqunun qeydiyyat jurnalının elektron versiyası və vahid Fəaliyyət Planı hazırlanıb.

Layihənin sonunda konfrans təşkil olunacaq. Xarici ekspertin iştirakı ilə keçiriləcək tədbirdə layihə müddətində görülən işlər, qarşıya çıxan çətinliklər və əldə edilən nəticə barədə məlumat veriləcək. Layihə müddətində həyata keçirilən fəaliyyətlərə dair videoçarx hazırlanaraq ictimaiyyətə təqdim olunacaq. 

 

Təcrübənin bölüşdürülməsi və gözlənilən nəticə

 

Layihənin icra müddəti bitdikdən sonra iştirakçı olmuş 11 nəfərdən ibarət İşçi qrup cari tədris ilinin sonunadək paytaxtdakı ümumi təhsil məktəbləri ilə əməkdaşlıq edəcək. Onlar layihə zamanı əldə etdikləri təcrübəni həmin məktəblərin psixoloqları ilə bölüşəcəklər. İşçi qrupa BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin psixoloqları rəhbərlik edəcək. 

Yekun nəticə barədə deyə bilərik ki, layihənin məktəbdə sağlam mühitin formalaşmasında, şagirdlərin dərs prosesinə daha düzgün yanaşmasında rolu böyük olacaq. Layihə şagird-məktəb-valideyn münasibətlərinin daha sağlam qurulmasına kömək edəcək, qarşıya çıxan problemlərin asan yolla aradan qaldırılması üçün bir vasitə rolunu oynayacaq.

 

Ceyran KULİYEVA, 

Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin direktoru 
 


Açar sözlər: ,