“Sağlam təhsil-sağlam millət” layihəsi 

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində paytaxtın bir sıra ümumi təhsil müəssisələrində “Sağlam təhsil” sinifləri fəaliyyət göstərir. Layihənin əsas məqsədi fiziki-psixi və mənəvi  sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik vətəndaş yetişdirməklə ölkənin insan resurslarının inkişafını sürətləndirmək və milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına nail olmaqdan ibarətdir.

“Sağlam təhsil-sağlam millət” layihəsi sağlam nəsil yetişdirilməsi baxımından çox əhəmiyyətlidir. Belə ki, layihə çərçivəsində müəllimlər və məktəb rəhbərləri üçün davamlı olaraq metodik, tibbi-gigiyenik və psixoloji istiqamətlərdə sağlam təhsil texnologiyalarının tətbiqi və prosesin idarə edilməsi ilə bağlı təlimatlandırma tədbirləri keçirilir.  

Qeyd edək ki, 2014-cü ildə layihədə  6 məktəb üzrə 15 sinif, 2015-ci ildə 35 məktəb üzrə 52 sinif, 2016-cı ildə 35 məktəb üzrə 49 sinif iştirak etmişdir. Yeni tədris ilində 37 məktəb üzrə 52 sinif layihə əsasında fəaliyyət göstərir. Dörd il ərzində, ümumilikdə, 41 məktəbdə 168 sinif  “Sağlam təhsil - sağlam millət” layihəsinə cəlb olunacaq.