Təhsildə yeni dövr başlayıb - “Azərbaycan müəllimi” qəzeti (22.12.2017)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin  məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Layihədə idarəedənin pedaqoji və ictimai-fəlsəfi baxımdan məktəbin əsas hədəflərinə və özünəməxsusluğuna dair yanaşmasına da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal şəxsi fikirlərin və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur. 

 

Məktəblərin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasında direktorların üzərinə böyük məsuliyyət düşür

 

İslahatlar və inkişaf zamanın tələbidir. Azərbaycanın sürətli inkişafı digər sahələr kimi, təhsilin qarşısında da ciddi vəzifələr qoyub. Bu, ilk növbədə, keyfiyyətin daha da yüksəldilməsindən, optimal dünyəvi təhsil mexanizmlərinin tətbiqindən və son nəticə olaraq bütün sahələr üzrə peşəkar kadrların yetişdirilməsindən ibarətdir. 

Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində ümumi təhsil müəssisələrinin yeri xüsusilə nəzərə çarpır. Çünki peşəkar kadrların yetişməsində orta məktəb səviyyəsində verilən təhsil olduqca önəmlidir. Bu baxımdan ümumi təhsil məktəblərinin müasir dövrün tələblərinə cavab verən səviyyədə, yeni məzmun üzərində qurulması vacibdir. Çünki məqsədimiz bilikli, müasir düşüncə tərzinə malik, ədalətli, millətinə sadiq, vətənpərvər, xalqın, dövlətin mənafeyini hər şeydən üstün tutan kamil şəxsiyyət yetişdirməkdir. 

 

İş düzgün təşkil ediləndə...

 

Qarşıya qoyulan məqsədə çatmaq, uğurlu nəticələr əldə etmək üçün hər bir məktəbin ilk növbədə düzgün Fəaliyyət planı olmalıdır. Bu plan bütün istiqamətlər üzrə məktəbin işinin günün tələbləri səviyyəsində qurulmasına imkan verməlidir. Fəaliyyət planı elə hazırlanmalıdır ki, ilk növbədə məktəbin, şagirdlərin və müəllimlərin inkişafına xidmət etsin, yeni nailiyyətlərin əldə olunmasına təkan versin. Məktəblilər yüksək təhsilə, eyni zamanda nizam-intizama, təlim-tərbiyəyə sahib olsunlar. 

Fəaliyyət planı, məktəbin müsbət imicinin formalaşmasına hesablanmalıdır. Çünki yalnız yüksək imicə malik, hər şeyin yerində olduğu məktəbdə şəxsiyyət formalaşa bilər. Məktəbin müsbət imici həm də yerləşdiyi ərazidə təsir imkanlarını artırır. Bu amilin formalaşması isə ümumi təhsil müəssisələrindəki təhsil, nizam-intizam, təlim-tərbiyə ilə yanaşı, həm də başda direktor olmaqla, hər kəsin məktəbdən kənarda nümayiş etdirdiyi davranışlarla bağlıdır. Məktəb haqqında yaranmış ümumi fikir isə həmin ərazidə həm müsbət, həm də mənfi xarakterli hərəkətlərin artmasına səbəb ola bilər. Bu baxımdam məktəbin Fəaliyyət Planı hazırlanarkən bütün məsələlər, hətta ilk baxışda çox xırda görünən məqamlar haqqında ciddi düşünülməli və daha optimal variant üzərində dayanılmalıdır. 

 

Müəllim nümunə olmalıdır

 

Məktəbin işinin düzgün qurulmasında, yerinə yetirilməsində və təhsil müəssisəsi haqqında müsbət imicin formalaşmasında müəllimlərin rolu danılmazdır. Məktəbdə əsas məsuliyyət də onların üzərinə düşür. Çünki müəllimlər layiqli vətəndaş yetişdirmək kimi şərəfli bir işi yerinə yetirirlər. Buna görə də, özünü pedaqoq adlandıran şəxs ilk növbədə savadlı, peşəkar olmalı, müasir texnologiyalarla işləməyi bacarmalı və hər kəs üçün nümunəyə çevrilməlidir. Müəllim məktəbə sadəcə iş yeri kimi baxmalı deyil, bu məkanı evi bilməli, özünü rahat hiss etməli, şagirdləri övladları qədər sevməlidir. 

 

Müəllim adını daşıyan şəxslərin özlərini doğrultması üçün çalışdıqları məktəbdə onlar üçün normal şəraitin yaradılması da vacib amillərdəndir. Bu məsələdə məktəb rəhbərliyinin üzərinə məsuliyyət düşür. Bu baxımdan rəhbəri olduğum məktəbdə müəllimlərlə işin normal qurulmasına və onların öz fəaliyyətlərini səmərəli təşkil etməsinə xüsusi fikir verirəm. Mütəmadi olaraq müəllimlərin iştirakı ilə toplantılar, “dəyirmi masa”lar təşkil edirik. Bu yığıncaqlarda məktəbin, pedaqoji heyətin qarşısında duran və işin daha səmərəli təşkilinə dair məsələlər ətrafında fikir mübadiləsi aparırıq. Eyni zamanda, istedadlı şagirdlərin aşkarlanması və onların nailiyyətlərinin artırılması istiqamətində həyata keçirilməli olan tədbirləri müzakirə edirik. Müəllimlər təkliflərlə çıxış edirlər. 

 

Bundan başqa, məktəbimizdə dərslər izlənilir. Müəllimlər bir-birlərinin dərslərində iştirak edir, təcrübələrini bölüşürlər. Bu hal həm onların peşəkarlığını və məsuliyyətini artırır, həm də ümumilikdə, kollektiv arasında sağlam rəqabət mühitinin formalaşmasına kömək edir. Əksər hallarda özüm də dərslərə qatılıram. Fənn müəllimi ilə birlikdə dərs keçirəm. Bu tədbirlər şagirdlərin məsuliyyətini artırır, onlar dərsə daha həvəslə yanaşırlar. 

 

Bildirmək istərdim ki, hazırda məktəbin, pedaqoji kollektivin qarşısında duran məsələlərdən biri də qiymətləndirmə ilə bağlıdır. Təhsil sistemində biliyin dəyərləndirilməsi çox vacib və müstəsna əhəmiyyəti olan proseslərdən biridir. Hesab edirəm ki, məktəb rəhbərlərinin bu məsələyə münasibəti dəyişməlidir. Şagirdlər qiymət almaq üçün deyil, biliyə sahib olmaqdan ötrü çalışmalıdırlar. Bu məsələdə valideynlərin şüurunda da köklü dəyişiklik baş verməlidir. Müəllimlər üçün imtahanların təşkili də təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. 

 

Problemlərin həlli üçün...

 

Məktəbimizdə əldə olunan əsas uğurlardan biri də müəllim-şagird-valideyn münasibətlərinin normal şəkildə qurulmasıdır. Bu münasibətlər bütün sahələr üzrə yüksək nailiyyətlərin qazanılmasına təkan verir. Valideynlərlə daim əlaqə saxlayırıq. Məktəbimizdə tez-tez valideynlər üçün iclaslar keçirilir, övladları ilə bağlı müəllimlərin fikirləri çatdırılır, eyni zamanda təkliflər dinlənilir. Valideynlərin dərslərdə iştirakı təmin olunur. 

 

Məktəbimizdə valideynlər üçün “Gözləmə otağı” da tikilib. Onlar dərsdən çıxan övladlarını burada gözləyirlər. “Gözləmə otağı” həm də mənim və müəllimlərin valideynlərlə səmimi ünsiyyət qurmaq, onların fikirlərini öyrənmək üçün əlverişli məkana çevrilib. Bəzən burada səmimi söhbət edir, çatışmazlıqlarla bağlı müzakirələr aparır, birgə çıxış yolu tapırıq. Bu haldan valideynlər razı qalırlar. 

 

Qapılar şagirdlərin üzünə açıqdır

 

Görülən bütün tədbirlər şagirdlərin bilikli və layiqli vətəndaş kimi yetişməsinə yönəlib. Onu da qeyd edim ki, məktəbimizdə şagirdlərlə bağlı “Açıq qapı” prinsipi həyata keçirilir. Bütün şagirdlərimiz sual və təkliflərlə hər zaman direktor və müəllimlərə müraciət edirlər. Məktəblilər arasında bu işdə sanki yarışma gedir. Onlar əsasən təklif və ideyalarla çıxış etməyə üstünlük verirlər. Biz onları dinləyir, düzgün istiqamətə yönləndirir, kömək etməyə çalışırıq. 

Şagirdlərimizin məktəbdənkənar fəaliyyətinin səmərəli təşkilinə də ciddi önəm veririk. Çünki biliklərə sahib olmaqla yanaşı, oyun oynamaq, rəqs və istirahət etmək də məktəblilərin hüququdur. 

Məktəbimiz 1200 şagird üçün nəzərdə tutulsa da, hazırda 2700 şagird təhsil alır. Məktəbimizin bəzi sinifləri Ağdam Musiqi Məktəbi və Şuşa şəhər 3 nömrəli tam orta məktəb üçün ayrılıb. Amma məktəbdə iş elə qurulub ki, bu sıxlıq şagirdlərin təhsil almasına mane olmur. 

 

Yeni uğurlar bizi gözləyir

 

Hər bir məktəbin uğura gedən yolu və nailiyyətləri haqqında kifayət qədər danışmaq mümkündür. Bu, məktəbin, müəllimin cəmiyyətdə imicinin formalaşdırılması, nüfuzunun daha da yüksəldilməsi baxımından olduqca əhəmiyyətlidir. 

Onu da qeyd edək ki, təhsildə baş verən yeniliklərin, irəliləyişlərin dolğun şəkildə ictimaiyyətə çatdırılmasında, məktəblərin inkişafında, şagirdlərin savadlı və layiqli vətəndaş kimi yetişməsində ümumi təhsil müəssisələrinin rəhbərlərinin üzərinə mühüm vəzifə düşür. Bu baxımdan hər kəs işinin öhdəsindən layiqincə gəlməyə çalışmalıdır. Həm də təcrübəmə əsasən deyə bilərəm ki, məktəb direktoru, ilk növbədə, çox diqqətli, bacarıqlı, soyuqqanlı, ziyalılığı ilə seçilən, milli-mənəvi və əxlaqi dəyərləri özündə cəmləşdirən vətəndaş olmalıdır. O, həmçinin, təhsil sahəsində baş verən yenilikləri izləməli, nəticə çıxarmalı və uyğun olanları rəhbərlik etdiyi ümumi təhsil müəssisəsində tətbiq etməlidir. Çünki yeni məktəb modelinin formalaşdığı hazırkı vaxtda bizim sağlam düşüncəyə malik, yenilikləri tətbiq etməyi bacaran direktor və müəllimlərə daha çox ehtiyacımız var.

Doğrudan da, bu gün qarşımızda çox böyük bir missiya var: savadlı, milli-mənəvi dəyərlərə, müasir düşüncə tərzinə malik, ləyaqətli gənc nəsil yetişdirmək. Dövlət səviyyəsində təhsilə, gənclərimizə göstərilən diqqət və qayğı da bizə əsas verir ki, Azərbaycan təhsilində yeni üfüqlər açaraq daha böyük nəticələr əldə edək. Bunun üçün isə yorulmadan çalışmaq, məktəbi, müəllim peşəsini və şagirdi sevmək lazımdır.

 

Nizami NOVRUZOV,

Bakı şəhərindəki 284 nömrəli tam orta məktəbin direktoru 

 

“Azərbaycan müəllimi” qəzeti