Məktəblərin fəaliyyəti yeni texnologiyalara əsaslanmalıdır - “Azərbaycan müəllimi” qəzeti (29.12.2017)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin  məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Layihədə idarəedənin pedaqoji və ictimai-fəlsəfi baxımdan məktəbin əsas hədəflərinə və özünəməxsusluğuna dair yanaşmasına da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal şəxsi fikirlərin və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur. 

 

Müasir dövr təlimin məzmununda və metodiki təminatda dəyişikliklər tələb edir

 

Təhsildə yeniliklərin tətbiqi zərurətə çevrilib. Xüsusilə öyrənənlərin mövcud informasiya bolluğundan daha sürətlə və effektiv yararlanması üçün yeni texnologiyalardan istifadə etməsi vacib məsələ kimi özünü göstərir. Belə ki, keçən əsrin 60-cı illərinə qədər bilik tədris prosesində hafizə paradiqmasına əsaslanaraq yeni nəslə ötürülürdü. Lakin təcrübə göstərdi ki, belə texnologiya ilə hazırlanan kadrların əksəriyyəti gələcək fəaliyyətində müstəqil şəkildə elmi-pedaqoji və peşə səviyyəsini artıra bilmir. Bunun əsas səbəbi onlarda bilikləri müstəqil mənimsəmə vərdişlərinin olmamasıdır. 

Müasir məktəb modeli isə təfəkkür və təxəyyül üzərində qurulur. İndi nəzəri və praktik elm sürətlə inkişaf edir, şagirdlərin almalı olduğu məlumat artır. Berkli Universiteti tərəfindən aparılan araşdırmaya əsasən, XX əsrin 90-cı illərində informasiyanın həcmi 5 il ərzində 2 dəfə artırdısa, hazırda bu, 18 aydan bir baş verir. 2020-ci ildə 73 gün ərzində informasiyanın həcminin 2 dəfə artacağı gözlənilir.

Bu hal dərsliklərin tərtibi məsələsinə də təsir göstərir. Təhsilin bütün pillələrində olduğu kimi, orta məktəblərdə də “nəyi, necə öyrətməli?” sualının aktuallığı daha da artır. Tədris prosesinin təkmilləşdirilməsi və elmi tədqiqatların keyfiyyətcə yeni səviyyəyə qaldırılması məsələsi təlimin məzmunu və metodiki təminat qarşısında yeni tələblər qoyur. 

 

Əyani vəsaitlərdən istifadə

 

Hazırda əsas məsələlərdən biri tədris prosesində əyaniliyə xüsusi fikir verilməsi ilə bağlıdır. Bu baxımdan məktəbimizdə dərs zamanı əyani vəsaitlərdən istifadəyə üstünlük verilir. Bu hal şagirdin mövzunu daha asan qavramasına və yadda saxlamasına yardımçı olur. Bir məsələni də vurğulayım ki, istifadə etdiyimiz əyani vəsaitlərin bir qismi xarici ölkələrdən gətirilir. Yaxşı olardı ki, həmin vəsaitlər respublikamızda istehsal edilsin. Tədris prosesində əyaniliyin təmin olunması üçün məktəblilərin istehsalat müəssisələrinə səfərlərini də təşkil edirik. Bu səfərlər onların dünaygörüşünü artırmaqla yanaşı, həm də peşə seçimlərinə kömək edir. Təcrübəyə əsasən deyə bilərəm ki, bu işə sahibkarlar da diqqət yetirməlidirlər. Əgər istehsalat müəssisələrinin saytlarında iş prosesinə dair videoçarxlar yerləşdirilsə, şagirdlər bundan yararlanaraq daha asan şəkildə peşə seçimi edərlər. 

Tədrisdə əyanilik baxımından ümumi təhsil və ali məktəblər arasında əlaqələrin genişləndirilməsi də xüsusi əhəmiyyətə malikdir. Doğrudur, şagirdlərimizin ADA Universitetinə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına ekskursiyaları təşkil edilir. Amma bütün ali təhsil ocaqları ilə belə əlaqələrin qurulması məktəblilərin gələcək nailiyyətlərinə müsbət təsir göstərə bilər. 

 

Əlaqəli iş və qiymətləndirmə

 

Qarşımızda duran əsas məsələlərdən biri də tədris olunan fənlərlə bağlı əlaqənin qurulmasıdır. Bu baxımdan, eyni sinifdə dərs deyən müəllimlərin bir-biri ilə əlaqəli işləməsinə, şagirdlərə ev tapşırıqlarının qarşılıqlı razılaşma əsasında verilməsinə və mütəmadi yoxlanılmasına xüsusi diqqət yetiririk. Çünki belə olmayanda şagirdlər bəzi günlərdə çox yüklənir, bəzən də onlara verilən ev tapşırıqlarının çətinlik dərəcəsi və həcmi az olur. Həm də eyni sinifdə tədris olunan fənlər məktəblilərin yaddaş, diqqət, məntiq, informasiyanı qəbul etmə və analizetmə qabiliyyətlərinin inkişafına əsaslı təsir edə bilmir. Ona görə də bütün ümumi təhsil müəssisələrində eyni sinifdə dərs deyən müəllimlər məktəbin serverindən istifadə edərək ev tapşırıqlarını göstərə bilərlər. Bununla da, şagirdlərə veriləcək ev tapşırıqlarını həftə ərzində paylaşdırmaq mümkündür. Yəni bir müəllim həftə ərzində şagirdlərdə yaddaşın inkişafına fikir verirsə, digəri işini onların başqa qabiliyyətlərinin inkişafı istiqamətində qura bilər. Əgər məktəbin daxili serveri yoxdursa, müəllimlər arasında razılaşdırılmış fəaliyyəti siniflər üzrə yaradılmış Müəllimlər Birliyi və ya gündəlik qeydiyyat kitabı vasitəsilə həyata keçirmək mümkündür. 

Həmçinin, müəllim ev tapşırığı verərkən şagirdin yaşını, mövzunun ağırlıq dərəcəsini və gözlədiyi nəticəni nəzərə almalıdır. Çünki ev tapşırıqlarının məqsədi, həcmi və yoxlanılması vacib məsələdir. “Ev tapşırıqlarının həcmi dərsin effektivliyi ilə tərs mütənasibdir” fikri ilə razılaşmaq olar. Şagirdlərə verilən ev tapşırığı keçilən dərsin davamıdır. Haqlı olaraq qeyd edilir ki, bəzən müəllimlər şagirdlərə ev tapşırığını verərkən onun rolunu qiymətləndirmirlər. Düşünürlər ki, nə qədər çox tapşırıq versələr, məktəblilər dərsi daha yaxşı oxuyar və fənni sevərlər. 

Təcrübə də göstərir ki, şagirdləri çox yükləməklə müsbət nəticə əldə etmək olmaz. Məsələn, Finlandiya məktəblərində şagirdlər daha az ev tapşırığı yerinə yetirir, ancaq dünya üzrə ən yaxşı nəticələrdən birini göstərirlər.

Bu səbəbdən müəllimlərə həmişə tövsiyə edirəm ki, şagirdlər ev tapşırığını yerinə yetirdikdən sonra mütləq yoxlayaraq qiymətləndirsin və onların bacarıqlarını üzə çıxarsınlar. Məktəblilərə ev tapşırıqlarını həmin bacarıqlara uyğun versinlər. Qeyd edim ki, indi ev tapşırığının yoxlanılması üçün ən yaxşı kömək LMS sistemi ilə işləyən interaktiv dərsliklərdir. Məhz belə dərsliklərdə olan tapşırıqlar məktəbin saytında yerləşdirilir, şagirdlər istifadəçi adı və şifrəsi ilə daxil olaraq onu yerinə yetirə bilirlər. Bu halda şagirdlərin ev tapşırığına sərf etdiyi vaxt və aldığı qiymət bazaya yazılır. Müəllim bu prosesi izləyə bilir.

Hazırda məktəblərdə vacib məsələlərdən biri də şagird nailiyyətlərinin qiymətləndirilməsidir. Bu yaxınlarda IX sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq məqsədilə monitorinq imtahanları keçirildi. Bununla bağlı təklif edərdim ki, məktəblərdə bütün sinif şagirdlərinin obyektiv qiymətləndirilməsi məqsədilə böyük summativ qiymətləndirmələr də mərkəzləşdirilmiş qaydada təşkil olunsun.

 

Yeni metodların tətbiqi

 

Məktəbimizdə fənn kurikulumlarında informatika və yeni informasiya texnologiyaları ilə bağlı məsələlərə də xüsusi diqqət yetirilir. Hazırda müəllimlərimizin demək olar ki, əksəriyyətinin kompüter bilik və bacarıqları var. Fənlərin tədrisi zamanı müəllimlər kompüter, proyektor və interaktiv lövhələrdən istifadə edirlər. Lakin çalışırıq ki, onlar bundan dəb xatirinə deyil, şagirdlərdə motivasiya yaradan, müəllim əməyini yüngülləşdirən, informasiyanın qəbul olunma sürətini artıran, əks-əlaqəni yaxşılaşdıran vasitə kimi istifadə etsinlər. Artıq elə bir zamana gəlmişik ki, skan edilmiş və ya PDF formatdakı elektron deyil, LMS sistemlə işləyən interaktiv dərsliklərdən istifadə olunmalıdır. 

Hazırda məktəb qarşısında duran məsələlərdən biri də valideynlərlə daimi əlaqənin yaradılmasıdır. Elə işgüzar valideynlərə rast gəlirik ki, onlar övladlarının təhsil aldığı məktəbə baş çəkməyə vaxt tapa bilmirlər. Bu isə həmin valideynin övladının təlim-tərbiyəsinə birbaşa təsir edir. Bu sahədə İKT məktəb və valideynlərin köməyinə gəlir. İnformasiya texnologiyalarının tədris prosesinə tətbiqi məktəbin xarici mühitlə əlaqəsinin formasını dəyişdirərək, müəllim, valideyn və şagird arasında operativ informasiya mübadiləsi yaradır. Bu isə valideynlərin məktəbə gəlmədən internet vasitəsilə övladının təlim müvəffəqiyyətlərini, hətta onun iştirak etdiyi tədbirləri izləməyə kömək edir. Müasir tipli ümumi təhsil müəssisələrində məktəb, müəllim və valideynlər arasında elektron poçt, forum, bloq və digər əlaqələr də yaratmaq mümkündür. 

 

Müəllim nüfuzu və gözləntilər

 

Əlbəttə ki, bu gün məktəblərimizdə bir sıra yeniliklər tətbiq edilir və yuxarıda göstərilən məsələlərə əlavələr etmək olar. Lakin məqalənin bu yerində bir qədər də özümüzdən, yəni müəllimlərdən bəhs etmək istəyirəm. 

Proqramlaşdırılmış təlim ideyasının banisi B. Skinner “Dərs verən maşınlardan istifadə edilməsinin 10 illiyi” məqaləsində yazırdı ki, müəllimi əvəz edə biləcək bir maşın axtarmaq əbəsdir. Çünki maşın ikinci dərəcəli amildir. Maşın müəllimin tərtib etdiyi materialı verir və təlimin müvəffəqiyyətinə kömək edə biləcək şərait yaradır. Doğrudan da, fənlərin tədrisində İKT müəllimi əvəz edə bilməz. Son illərdə yaranan distant təhsil sistemi də müəllim əməyinin nəticəsidir.

Sevindirici haldır ki, son illər ölkəmizdə müəllim nüfuzu yüksəlir, bu peşəyə maraq artır. Ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan məzunların əksəriyyəti əvvəlki illərdən fərqli olaraq məktəblərdə müəllim kimi çalışmaq istəyirlər. Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan və ilk sıralarda müəllimlik ixtisasını seçən abituriyentlərin sayı artır. Bu hallar təhsilimizin gələcəyi üçün çox böyük ümidlər yaradır. 

Yeri gəlmişkən qeyd edim ki, ali məktəbdən ümumi təhsil müəssisəsinə gəlmişəm. Məktəbə, şagirdə olan sevgi məni bu addımı atmağa vadar edib. Qarşımızda isə yalnız bir məqsəd var: Vətəninə, xalqına layiq, torpağını sevən, savadlı vətəndaş yetişdirmək. Əminliklə deyə bilərəm ki, biz artıq bu yolda böyük irəliləyişlərə nail olmuşuq, uğurlar qazanmışıq. Amma bu son deyil. Biz daha böyük nailiyyətlər əldə etməyə qadirik!

 

Nasim ABIŞOV,

Bakı şəhəri 178 nömrəli tam orta məktəbin direktoru

 

“Azərbaycan müəllimi” qəzeti