Fərqli və əlaqəli iş məktəbə uğur gətirir - “Azərbaycan müəllimi” qəzeti (02.03.2018)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin  məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Layihədə idarəedənin pedaqoji və ictimai-fəlsəfi baxımdan məktəbin əsas hədəflərinə və özünəməxsusluğuna dair yanaşmasına da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal şəxsi fikirlərin və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur.

 

 Valideynlərin təhsil müəssisələrinə cəlb edilməsi şagirdlərin nailiyyətlərini artırır

 

Orta məktəbdə verilən təhsil və təlim-tərbiyənin insan həyatında xüsusi yeri var. İnsanın orta məktəb illərində qazandığı bilik, bacarıq və vərdişlər onun gələcəyinə birbaşa təsir edir. Buna görə də, müəllim adını daşıyan hər kəs, xüsusilə də məktəbə rəhbərlik edən şəxslər ümumi təhsil müəssisələrində işin düzgün qurulmasına məsuliyyətlə yanaşmalıdırlar. Hər kəs bu gün müəllim qarşısında, parta arxasında əyləşən şagirdin gələcəkdə işlədiyi sahə üzrə ölkəmizə fayda verə biləcək şəxsiyyət kimi formalaşmasına çalışmalıdır.

Rəhbərlik etdiyim pedaqoji kollektivin qarşısında duran əsas vəzifə də təhsildə yüksək nailiyyətlər əldə etmək, şagirdləri hərtərəfli şəxsiyyət kimi yetişdirmək və onları gələcəyə hazırlamaq üçün səmərəli fəaliyyət göstərməkdən ibarətdir. Tədrisdə qarşılıqlı öyrənmə prinsipi, qabaqcıl texnologiya  və təcrübənin tətbiqi, fərdi və kompleks yanaşma tərzi isə fəaliyyətimizin əsas məzmununu təşkil edir. İşimizi elə qurmuşuq ki, məktəb bütün sahələr üzrə vahid mexanizm şəklində çalışır. Bunun nəticəsidir ki, 80 ildən artıqdır fəaliyyət göstərən məktəbimiz özünəməxsus iş üslubu və təhsildə nailiyyətləri ilə seçilən ümumi təhsil müəssisələri sırasındadır.

 

Qiymətləndirmə və həvəsləndirmədə fərqli üsul

 

Aydındır ki, təhsildə əsas və aparıcı sima müəllimdir. O, şagirdə təhsil verir, onu gələcəyə istiqamətləndirir. Parta arxasında əyləşən şagird ümid dolu gözlərini müəlliminə dikir. Buna görə də hesab edirəm ki, bu gün məktəblərdə əsas işimizdən biri də müəllimin nüfuzu məsələsi olmalıdır. Müəllim şagirdin gözündə ona təhsil verən, onu gələcəyə hazırlayan, həm də vətənini sevən, millətinə, dövlətinə sadiq, milli, tolerantlıq tərbiyəsini aşılayan, yüksək etik xüsusiyyətlərə malik bir şəxsiyyət kimi görünməlidir. Müəllim də öz növbəsində şagirdə övladı kimi baxmalı, onu sevməli, məktəbli üçün sabaha ümid çırağını yandıran varlığa çevrilməyi bacarmalıdır. Bir sözlə, təhsilalan təhsilverəndən özünə örnək götürməli, müəllim hər yerdə nümunə olmalıdır.

Bu amillər əsas götürülərək məktəbimizdə müəllimin nüfuzu məsələsinə xüsusi diqqət yetirilir. Daim şagirdlər arasında müəllim peşəsinin şərəfli olması barədə təbliğat aparılır, onlarda təhsilverənlərə hörmət hissi aşılanır, məktəblilər müəllimlərinin potensialından yararlanmağa çağırılır.

Bununla yanaşı, məktəbimizdə bütün müəllimlərin fəaliyyəti lazımınca dəyərləndirilir, onların işinə fərdi yanaşılır, müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, “İlin ən fəal müəllimi”, “İlin ən fəal sinif rəhbəri”, “İlin ən fəal metodbirləşməsi” və digər belə adlarla müsabiqələr təşkil edilir. Ümumi rəy əsasında bu nominasiyalar üzrə ən fəal şəxslər seçilir. Onlar tədris ilinin sonuncu Pedaqoji Şura iclasında diplom və hədiyyələrlə mükafatlandırılır. Həmçinin, fərqlənən şəxslər barədə məlumatlardan və onların şəkillərindən ibarət xüsusi stendlər hazırlanır. Həmin stendlər növbəti müsabiqənin qalibləri məlum olanadək məktəbin foyesində nümayiş edilir.

Məktəbimizdə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına da ciddi önəm verilir. Onların müxtəlif treninq və seminarlarda iştirakı təmin olunur. Eyni zamanda, yeni fəaliyyətə başlayan müəllimlərin uzun müddət bu sahədə çalışan pedaqoqların təcrübəsindən yararlanmasına şərait yaradılır. Peşəkar müəllimlərin iş təcrübəsi məktəb daxilində geniş təbliğ edilir.

Məktəbimizdə hər bir müəllimin kollektivdəki işi ilə yanaşı, onların şəxsi problemləri, o cümlədən də sağlamlıqları ilə bağlı məsələlər daim diqqətdə saxlanılır. Müəllimlər daim bir-birlərinə dayaq olmağa çalışırlar. Məktəbdə fəaliyyət göstərən Həmkarlar Komitəsi də pedaqoji kollektivin çətinliklərinin aradan qaldırılmasına yaxından kömək göstərir.

 

Əlaqəli işin bəhrəsi

 

Məktəbimizdə pedaqoji kollektivin səyləri isə heç şübhəsiz ki, şagirdlərin nailiyyətlərinin yüksəldilməsinə, onlarda sağlam düşüncə tərzinin formalaşdırılmasına yönəlib. Bu yolda hədəflər və atılacaq addımlar müəyyənləşdirilib. Məktəblilərin dərslərinə məsuliyyətlə yanaşmasının təşkili ilə yanaşı, uşaq birliyi təşkilatı rəhbəri və psixoloqun fəaliyyəti, şagirdlərin təlim-tərbiyə işi, məktəbdənkənar tədbirlər bir-biri ilə əlaqəli şəkildə qurulub.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, məktəbimizə şagird axını var. Bu isə işimizi məktəbəhazırlıq qruplarının təşkili mərhələsindən mükəmməl şəkildə qurmağımızla bağlıdır. Belə ki, məktəbimizdə hələ 2009-cu ildən ödənişsiz əsaslarla məktəbəhazırlıq qrupu yaradılıb. Həmin vaxt IV sinif şagirdlərinə dərs deyən müəllimlər hər həftənin şənbə günü 2 saat məktəbəhazırlıq qrupunda uşaqlara məşğələlər keçiblər. Az sonra bu iş bəhrəsini verib. Məktəbin ətraf ərazilərində yaşayan daha çox valideyni uşağını məktəbəhazırlıq qrupuna gətirməyə başlayıb.

Məktəbimizdə göstəriciləri nisbətən zəif olan və nizam-intizam qaydalarının pozulmasına yol verən şagirdlərlə işin təşkilinə də xüsusi yer ayrılır. Müəllimlər belə məktəblilərlə ayrıca məşğul olur, onların göstəricilərini yüksəltmək üçün böyük səylə çalışırlar. Bu işdə həm də valideynlərlə əlaqə qurulur, onlarla əməkdaşlıq çərçivəsində tədbirlər görülür.

 

Qarşılıqlı əməkdaşlığın yolları

 

Məktəbimizin uğur qazanmasında məktəb-şagird-valideyn əməkdaşlığının da böyük rolu var. Biz bu işi həyata keçirərkən valideynlərin diqqətini cəlb etmək üçün məktəbdə çoxsaylı layihə və tədbirlər reallaşdırdıq. Sonrakı mərhələlərdə övladının yarış, müsabiqə və tədbirlərdə ardıcıl çıxışlarını izləyən valideynlər özləri məktəblə əməkdaşlığa həvəs göstərməyə başladılar. Bununla da məktəb-şagird-valideyn birliyi yarandı, valideynlər övladlarının təlim-tərbiyə işində məktəblə birgə fəaliyyət göstərməyə başladılar.

Şübhəsiz ki, məktəb və müəllim şagirdin, valideyn isə  övladının gələcəyini düşünürsə, deməli, hər ikisinin nəzəri məktəblidə cəmləşir. Öz növbəsində şagirddə də onların hər ikisinə qarşı rəğbət hissi yaranır. Bu qarşılıqlı pozitiv münasibət isə nailiyyətlərin əldə edilməsinə yol açır.

Bir məqamı da vurğulayım ki, hər bir məktəbin işi qurularkən həmin təhsil müəssisəsinin yerləşdiyi məkan və orada yaşayan insanlara xas xüsusiyyətlər mütləq şəkildə nəzərə alınmalıdır. Bu amil valideynlərlə əməkdaşlıq zamanı mühüm rol oynayır. Məktəbimizdə bu istiqamətdə də məqsədyönlü iş aparılır.

 

Məktəb qəzeti - Fəaliyyətimiz ictimaiyyətə açıqdır

 

Ümumiyyətlə, məktəbimiz fəaliyyətinin işıqlandırılmasına, uğurların ictimaiyyətə çatdırılmasına böyük önəm verir. Bu baxımdan kütləvi informasiya vasitələrində müntəzəm çıxışlar, məktəb tədbirlərində KİV-in iştirakı təmin olunur.

2017-ci ildən məktəb qəzeti nəşr olunur. “Məktəbimiz” adlı qəzetdə məktəbin müəllimləri, şagirdləri çıxışlar edir, məktəb həyatına dair məlumatlara yer verilir. Qəzetdə, əsasən, məktəb kollektivinin  müxtəlif tədbirlər keçirməsi, şagird nailiyyətlərinin artırılması, məktəblilər arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsi,  təlim-tərbiyə, tədrisin tələb olunan səviyyədə təşkili istiqamətində görülən işlər işıqlandırılır.

Bu, müəllim və şagirdlərin fəaliyyətinin stimullaşdırılması, qazandığımız uğurların  ictimaiyyətə daha əhatəli çatdırılması və məktəb həyatının daha da canlanmasına zəmin yaradır.

Qəzet xüsusi yaradıcılıq qabiliyyəti olan şagirdlərin məqalələrini, araşdırmalarını məktəb kollektivinə, valideynlərə və digər məktəblərə çatdırmağı qarşısına məqsəd  qoyub.

Məktəb qəzetinin fəaliyyətindən ifadə olunan məmnunluq nəşrin davamlı olacağına və məktəbimizin fəaliyyətini daim işıqlandıracağına əminlik yaradır.

 

Sağlam mühit və hədəflər

 

Qeyd edim ki, hazırda məktəbimizdə sağlam rəqabət şəraiti, işgüzar mühit var. Bu təhsil müəssisəsi hamımızın doğma evinə çevrilib. Kollektivimizin hər bir üzvü məktəbin nailiyyətlərini artırmaq haqqında düşünür, yeni ideyalar irəli sürür.

“Ümumi təhsildə keyfiyyət ili”ndə isə hədəfimiz bir qədər də konkretləşib. Belə ki, bu il uzun dövr ərzində əldə etdiyimiz uğurları bir qədər də artırmalı, təhsildə keyfiyyəti, o cümlədən də IX və XI sinif şagirdlərinin imtahan nəticələrini yüksəltməliyik. Həmçinin, müəllim adının şərəfini ucaltmaq üçün bütün potensialımızdan istifadə etməli, gənc nəslin bu peşəyə olan sevgisini möhkəmləndirməliyik.

Düşünürəm ki, işə məsuliyyətli yanaşma, uzun illərin təcrübəsi və digər bu kimi amillər bizə bütün hədəflərə çatmağa imkan verəcək və uğurlarımız daha da artacaq. 

 

Rəhilə ABBASOVA,

183 nömrəli tam orta məktəbin direktoru

“Azərbaycan müəllimi” qəzeti