Hüseyn Abbas oğlu Əsgərov

Hüseyn Abbas oğlu Əsgərov 1958-ci ildə Naxçıvanda anadan olub.

1981-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirərək, “Filoloq, Azərbaycan və türk dilləri və ədəbiyyatı müəllimi” ixtisası alıb.

1981-1984-cü illərdə təyinatla Sabirabad rayonunda Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1984-1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, elmi işçi, 1997-ci ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. 2014-2022-ci illərdə çalışdığı kafedraya rəhbərlik edib.

1985-1987-ci illərdə zabit kimi hərbi xidmətdə olub.

1994-ci ildə namizədlik, 2008-ci ildə isə “Azərbaycan dilində maddi mədəniyyət leksikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

 2003-2006-cı illərdə Bakı şəhəri Binəqədi Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışır.

Bakı Dövlət Universiteti nəzdində filologiya üzrə elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının üzvüdür. 4 monoqrafiyanın, 80-dən çox elmi məqalənin, ali məktəblərin filologiya fakültələri, həmçinin ümumi təhsil məktəbləri üçün bir sıra dərslik, dərs vəsaiti və tədris proqramlarının müəllifidir, onlarla publisistik yazısı işıq üzü görüb.

 Elmi əsərləri Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Özbəkistan, Polşa və digər ölkələrdə çap olunub.

 Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 oktyabr tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, Azərbaycan Respublikası təhsil nazirinin 25 noyabr 2019-cu il tarixli əmri ilə Azərbaycan Respublikasının yubiley medalı ilə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin 01 mart 2021-ci il tarixli qərarı ilə yubiley döş nişanı ilə təltif edilib. Dəfələrlə müxtəlif fəxri fərman, diplom və təşəkkürnamələrə layiq görülüb.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. 2017-2021-ci illərdə YAP Binəqədi Rayon Təşkilatının sədr müavini olub. Hazırda Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədr müavinidir.

Ailəlidir, iki övladı var.