17.07.2014

Açıqlama

Bakı Şəhəri üzrə Təhsil İdarəsi daxil olan sorğulara cavab olaraq bildirir ki, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd olunduğu kimi, təhsil infrastrukturunun optimallaşdırılması şagirdlərin yüksək keyfiyyətli təhsil alması üçün əsas şərtlərdən biridir. Yay tətili dövründə bu istiqamətdə təhsilin idarəedilməsi sahəsində daha çevik modellər axtarılır, bir sıra qərarlar verilir. O cümlədən, Bakı şəhəri 49 nömrəli tam orta məktəbin rus bölməsinin fəaliyyətinin dayandırılması bu bölmədə müəllim çatışmazlığı və siniflərdə şagird komplektləşdirilməsinin minimumu təmin etməməsi ilə əlaqədardır. Məsələn, bu məktəbin rus bölməsində 7 fənn üzrə müəllimin olmaması səbəbindən dərsə davamiyyət pozulur, nəticədə tədrisin ümumi keyfiyyəti aşağı düşür.
Bütün bunları nəzərə alaraq, 49 nömrəli tam orta məktəbin rus bölməsinin şagirdləri və burada çalışan müəllimlər yaxınlıqdakı 203 nömrəli tam orta məktəbə köçürüləcək. Bu addım həm də mümkün ixtisarların qarşısını almağa xidmət edir. Eyni zamanda valideynlər digər ümumtəhsil məktəblərinin seçimində sərbəstdirlər.
Qeyd edilən məktəblərin rus bölməsində çalışan müəllimləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən sınaq qiymətləndirilməsində yüksək nəticələr göstərib. Hər iki məktəbdə isə təhsilin səviyyəsi eynidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlarının bu ərazidə yaşayan valideynlər və pedaqoji heyətlə keçirdikləri vaxtaşırı görüşlərdə müvafiq məktəblərdə rus və Azərbaycan dillərinin, eləcə də digər fənlərin tədris keyfiyyəti ilə bağlı müzakirələr aparılıb. 
O da xüsusi vurğulanmalıdır ki, Azərbaycanın müstəqillik tarixində tədrisin rus dilində aparıldığı məktəblər həmişə diqqət və qayğı ilə əhatə olunub. Bu göstəriciyə görə MDB ölkələri arasında Azərbaycan xüsusi yeri ilə seçilir. Tədrisin rus dilində aparıldığı təhsil müəssisələrində iki xalq arasında ünsiyyət sərhədlərinin daha da genişləndirilməsində dil bilgisi xüsusi önəm daşıyır.