12.09.2014

Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Sentyabrın 11- də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, qabaqcıl müəllimlər və media nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək onun ruhuna hörmət və ehtiramlarını bildiriblər.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyevin hesabat məruzəsi dinlənilib. E.Əliyev tədbir iştirakçılarına ötən tədris ilində əldə edilən uğurlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Tədbirdə Texniki Humanitar Liseyin direktoru Səidə Zeynalova “Təhsil strategiyası və təlimlər”, Bakı şəhəri 182 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aygün Kərimova “Müəllimlərin işə qəbulu müsabiqəsi və sınaq qiymətləndirilmə”, Bakı şəhəri 193 nömrəli tam orta məktəbin direktoru Rəhim Hüseynov isə “Təhsildə kurikulumun tətbiqi” mövzularında çıxış ediblər.

Konfransda yekun çıxışı edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki nailiyyətlər və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Nazir ulu öndər Heydər Əliyevin hər zaman təhsil sahəsinə diqqətlə yanaşdığını və müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin siyasi təcrübəsi və müdrikliyi sayəsində formalaşdığını qeyd edib.

“Bilik Günü” münasibətilə təhsil işçilərini təbrik edən nazir bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb.

15 sentyabr - “Bilik günü”ndə ilk dərs saatının vətənpərvərlik mövzusunda ictimai xadimlərin, ziyalıların iştirakı ilə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Ümumtəhsil məktəb şagirdlərinin mütaliəyə marağını artırmaq üçün müvafiq tədbirlərin həyata keçirilməsinə diqqət çəkən təhsil naziri bununla bağlı konkret tapşırıqlarını verib.

Nazir yaxın illərdə Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil məktəblərinin son siniflərində pilot olaraq ixtisaslaşma imkanını verən və icbari fənlərin sayını azaldan tədris proqramlarının vacibliyini bildirib.

Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, təhsil sahəsində görülən ən mühüm işlərdən biri də Bakı şəhərinin ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsinin keçirilməsidir. Nazir sınaq qiymətləndirilməsinin nəticələrinin müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və müvafiq qərarların qəbul olunması üçün zəruri olduğunu nəzərə çatdırıb. Dərs bölgüsünün optimallaşdırılması, sınaq qiymətləndirilməsindən keçən müəllimlərin növbəti tədris ilindən əmək haqlarında dəyişiklik olması məsələlərinə toxunulub. Eyni zamanda sınaq qiymətləndirilməsinin  ölkəmizin bütün regionlarını əhatə edəcəyini qeyd edib.

Konfransda 3 və daha artıq məzunu 2013-2014-cü dərs ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq qızıl medal qazandıqlarına görə 10 direktor “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilib.

Konfransın sonunda tədbir iştirakçıları adından ölkə Prezidentinə müraciət ünvanlanıb və konfransın qətnaməsi qəbul olunub.