16.09.2014

194 nömrəli orta məktəbin yeni binasının açılışı keçirilib

     Sentyabrın 16-da Bakı şəhərində 194 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Xətai Rayonu İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva və digər rəsmi qonaqlar iştirak edib.

     Təhsil nazirinin müavini Ceyhun Bayramov “Bilik Günü” və məktəbin açılışı münasibətilə təhsil işçilərini, məktəbliləri, valideynləri təbrik edərək  onlara yeni dərs ilində uğurlar arzulayıb. Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan Ceyhun Bayramov son illər ölkəmizdə çoxlu sayda məktəblərin tikildiyini, əsaslı təmir olunduğunu vurğulayıb.

     Tədbirdə çıxış edən Xətai Rayonu İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva məktəb binalarının əsaslı təmir olunmasını, müasir standartlara uyğun yeni məktəblərin tikilərək istifadəyə verilməsini əlamətdar hadisə adlandırıb.

    Valideynlər adından çıxış edən Ləman Şamilova təhsil sahəsində görülən işləri alqışlayıb və övladlarının yaradılan bu imkanlardan istifadə  edərək Vətənə layiqli insan kimi yetişməsinə çalışacaqlarını bildirib.

    Təhsil nazirinin müavini Ceyhun Bayramov məktəbin açılışı münasibətilə lenti kəsib. Qonaqlar sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış olublar, şagird və müəllimlərlə söhbət edərək fikirlərini açıqlayıblar.

    Məktəbdə “Çağırışaqədərki hərbi hazırlıq” fənninin tədrisi üçün müasir tələblərə cavab verən hərbi kabinet də yaradılıb.