19.09.2014

Nəsimi və Qaradağ rayonlarında səyyar qəbullar keçirilib

          Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə müəllim və valideynlərin qəbulunu keçirməyə artıq başlayıb.

           İlk səyyar qəbul bu gün Nəsimi və Qaradağ rayonları üzrə keçirilmişdir.Nəsimi rayonu üzrə 1 saylı məktəbdə keçirilən səyyar qəbulda 1, 8, 16, 44, 46, 133 saylı məktəblərin və 6 №-li Uşaq Gənclər Güləş Məktəbi, 25 №-li Uşaq Yaradıcılıq Mərkəzi, 46 №-li  Məktəbdənkənar Tərbiyə işi Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

          Qaradağ rayonu üzrə 319 saylı məktəbdə keçirilən səyyar qəbula isə Sahil qəsəbəsində yerləşən 228, 253, 273, 319, Ümid qəsəbəsində yerləşən 294, Sənqaçal qəsəbəsində yerləşən 222 saylı məktəblərinvə 19 № li Uşaq – Gənclər İdman Məktəbinin müəllim və valideynləri müraciət etmişlər.

         Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Nəsimi və Qaradağ rayonlarında hərəsində 25 olmaqla 50 müraciət qəbul edilmişdir. Əsas müraciətlər məktəblərin istilik sistemi, bufetlerdə isti yeməklərin verilməsi, ibtidai siniflərin dərs proqramının yüngülləşdirilməsi, məktəblərdə mühafizə sisteminin yaxşılaşdırılması, şagirdlərin məktəblərə gedib gəlməsi üçün avtobusların təşkili, məktəblərin bir növbəli sistemə keçməsi, əlavə korpusların tikilməsi və təmirə ehtiyacı olan məktəblərin təmir edilməsi ilə bağlı olmuşdur.Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.

        Qeyd edək ki, vətəndaşların qəbulunu həyata keçirən təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir və səyyar qəbullar 2014 – 2015 – ci tədris ili ərzində davam edəcəkdir.