08.10.2014

Böyük maraqla qarşılanan film seansları davam edir

       Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Park Cinema” kinoteatrlar şəbəkəsi arasında uşaq, yeniyetmə və gənclərin istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkilini təmin etmək məqsədi ilə əməkdaşlıq davam edir. 

       Azərbaycan mədəniyyətinin inkişafı üçün uşaq, yeniyetmə və gənclər arasında kino və teatrlara getmək mədəniyyətini formalaşdırmaq və təhsildə fərqlənən şagirdləri stimullaşdırmaq məqsədilə həyata keçirilən bu layihə hazırda Xətai və Nərimanov rayonları üzrə həyata keçirilir.

       Bu gündən etibarən başlanılan film və animasiyaların həftənin 5 günü 2 seans olaraq göstərilməsi nəzərdə tutulmuşdur.

       Belə ki, 8 oktyabr  tarixindən oktyabrın 30-na qədər Xətai rayonu üzrə ümumtəhsil məktəblərinin əlaçı şagirdləri “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Parkbulvar” alış - veriş mərkəzində yerləşən kinoteatrında, 8 oktyabr  tarixindən oktyabrın 20-nə qədər Nərimanov rayonu üzrə ümumtəhsil məktəblərinin əlaçı şagirdləri “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Metropark” alış - veriş mərkəzində yerləşən kinoteatrında göstərilən film və animasiyaları təmənnasız izləyə biləcəklər.

       Qeyd edək ki, əlaçı şagirdlər üçün nəzərdə tutulmuş film seansları 2013-2014-cü tədris ilində də keçirilmiş, 5 rayon (Nərimanov, Yasamal, Nəsimi, Səbail, Nizami) üzrə 15618 nəfər əlaçı şagird bu fürsətdən yararlanmışdır.