21.10.2014

Onun rəngarəng dünyası

     Hər bir istedadlı insanın özünün görmək istədiyi tam fərqli bir dünyası olur. Baxşəliyev Adil Baxşəli oğlunun da zəngin, sehrli dünyası var. Bunu gənc həvəskar rəssamın çəkdiyi şəkillərdə görmək olar.

     Adil Baxşəliyev 2001 – ci ilin oktyabr ayının 5 – də Bakıda anadan olub. Hal – hazırda 46 saylı orta məktəbin VIII sinif şagirdidir. Rənglər aləmi onu kiçik yaşlarından cəlb etməyə başlayıb. Elə buna görə də 2011 - ci ildən 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində fəaliyyət göstərən “Günəş” rəsm studiyasının üzvü olub. Müəllimi Nagiyə Rzayevadır.

     Hələ kiçik yaşlarından xəyalında canlandırdıqlarını ağ vərəqlərə köçürən Adil tədbirlərin, sərgilərin, müsabiqələrin fəal iştirakçısıdır. O hər bir yaratdığı yeni əsərində qabiliyyətini və istedadını nümayiş etdirir. Saf, təmiz, kövrək hisslərini rənglərin dili ilə özünəməxsus tərzdə ifadə edən rəssam yaşıdlarından fərqli bir dünya yaradır. Onun rəsmlərində həyatın müxtəlif tərəfləri yaşına uyğun qabarıq və əhatəli təsvir olunur. Bunun nəticəsidir ki, Adil həm ölkə daxilində, həm də xarici ölkələrdə keçirilən rəsm müsabiqələrində iştirak edib uğurlar qazanır. Belə ki, 2013 – cü ilin oktyabr ayında Çexiyanın Lidiçe şəhərində keçirilən 41 - ci Beynəlxalq Uşaq Rəsm Müsabiqəsində birincilik qazanıb.

     Adil 2014 – cü ilin oktyabr ayında Finlyandiyanin Hyuvinka (Villa Arttu Cultural Center) şəhərində keçirilmiş XV Beynəlxalq Uşaq və Gənclərin Rəsm Müsabiqəsində uğurla iştirak edərək diplomla təltif edilib. Qeyd edək ki, müsabiqədə 77 ölkə üzrə 5880 rəsm işi arasında mübarizə gedib. Nəticədə münsiflər heyəti tərəfindən 37 iş medalla, 624 iş isə diplomla mükafatlandırılıb.

     Adil noyabr ayında Bakı Metropoliteni işçilərin peşə bayramı günü ilə əlaqədar keçirilən “Bakı Metropoliteni 46” adlı rəsm müsabiqəsində, 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayrağımız qürur mənbəyimizdir” adlı müsabiqədə, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri Komitəsi tərəfindən keçirilən “İstedadlı uşaqlar festivalı 2014 - cü il” müsabiqəsində uğurla iştirak edərək diploma layiq görülüb.

     Adil çox bacarıqlıdır, güclü rəng duyumu var. O, müxtəlif janrlarda sərbəst işləyir. Onun rəsm əsərləri məzmun etibarı ilə tamaşaçıları düşünməyə vadar edir. Bu gözəl, maraqlı incəsənət sahəsində Adilə uğurlar arzulayırıq.