23.10.2014

Seulda sambo üzrə keçirilən dünya birinciliyinin bürünc mükafatçısı

     8 – 12 oktyabr 2014 – cü il tarixlərində Cənubi Koreyanın Seul şəhərində yeniyetmə və gənclər arasında sambo güləşi üzrə dünya birinciliyi keçirilib. Çempionata 6-sı yeniyetmə olmaqla 14 samboçu ilə qatılan Azərbaycan yığması vətənə 2-si gümüş, 2-si isə bürünc əyarlı olmaqla 4 medalla dönüb. Bakı şəhəri 10 №li Uşaq - Gənclər İdman Məktəbinin cüdo bölməsinin idmançısı Xankişiyev Ülvi Lətif oğlu dünya birinciliyində 48 kq çəki dərəcəsində III yerə çıxaraq bürünc medalın sahibi olub.

     Bundan başqa, Ülvi 9 - 13 aprel 2014 - cü il tarixində İspaniyanın Kaseres şəhərində gənclər arasında keçirilən Avropa çempionatında və 2013 – cü ildə Kiprin Limassol şəhərində gənclər arasında keçirilən Avropa birinciliyində 48 kq çəki dərəcəsində III yerin qalibi olub.

     Qeyd edək ki, Ülvi ölkə daxilində keçirilən yarışlarda da iştirak edərək böyük uğurlara imza atıb. Belə ki, 2014 – cü ildə gənclər arasında keçirilən Azərbaycan kuboku və Azərbaycan çempionatında 48 kq çəki dərəcəsində I, 2013 – cü ildə yeniyetmələr arasında keçirilən Azərbaycan kubokunda II, gənclər arasında keçirilən Azərbaycan kubokunda I, eyni ildə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində isə 52 kq çəki dərəcəsində II yerə layiq görülüb.

     Ülvi Xankişiyev 1995 – ci ildə Bakıda anadan olub. 2008 – ci ildən cüdo və sambo idman növləri ilə məşğul olur. Hazırki məşqçi müəllimləri Vüqar Alıyev və Əlisəməd Cəlalovdur.

     İdmançımıza qarşıdan gələn yarışlarda da müvəffəqiyyətlər arzulayırıq.