24.10.2014

MƏKTƏBLİLƏR ARASINDA XXVII SPARTAKİADANIN AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ

     24 oktyabr 2014 – cü il tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən birgə təsdiq olunmuş əsasnaməyə müvafiq olaraq paytaxt məktəbliləri arasında XXVI spartakiadanın bağlanışı və XXVII spartakiadanın açılışına həsr olunan tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Vasif Məmmədov, BŞTİ – nin müdir müavini Məmmədəli Kəsəmənli, İdarənin sektor müdirləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bakının rayonlar üzrə İcra Hakimiyyətlərinin nümayəndələri, məktəb və məktəbdənkənar təhsil müəssisələrinin direktorları və digər rəsmi qonaqlar iştirak ediblər.

     Tədbirdə çıxış edənlər ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıdan danışıb, sağlam nəslin böyüməsində spartakiadanın böyük əhəmiyyəti olduğunu bildiriblər.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi çıxış edərək tədbir iştirakçılarını 2013 – 2014 – cü tədris ili müddətində Bakı şəhər məktəbliləri arasında keçirilən XXVI  spartakiadanın gedişatı və yekunları ilə bağlı məlumatlandırıb.

     Qeyd edək ki, Bakı şəhər məktəbliləri arasında XXVI spartakiadanın bütün növləri üzrə keçirilən yarışlardan sonra ümumi xallar hesabına görə 49 xalla Nərimanov rayonu I, 49 xalla Nizami rayonu II, 57 xalla Qaradağ rayonu III, 60 xalla Xətai rayonu IV, 71 xalla Suraxanı rayonu V, 71 xalla Səbail rayonu VI, 74 xalla Xəzər rayonu VII, 80 xalla Sabunçu rayonu VIII, 93 xalla Binəqədi rayonu IX, 98 xalla Yasamal rayonu X, 129 xalla Nəsimi rayonu XI yerin sahibi olub.

     Açılışda 2014  – 2015 - ci tədris ili müddətində paytaxt məktəbliləri arasında keçiriləcək XXVII spartakiadanın proqramına daxil olan idman növlərinin adları və keçirilmə tarixləri də açıqlanıb.

     XXVI spartakiadanın yekunları haqqında məlumat verildikdən sonra mükafatlandırma mərasimi başlayıb. İlk öncə XXVI spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışlarda I yerləri tutan rayon komandalarının müəllimləri diplom və xatirə hədiyyələri ilə təltif olunub.
     Daha sonra Bakı şəhər məktəbliləri arasında XXVI  spartakiadanın yekun nəticələrinə əsasən, III yeri tutduğuna görə Qaradağ, II yeri tutduğuna görə Nizami, I yeri tutduğuna görə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri kubok və müvafiq dərəcəli diplomlarla təltif olunublar.

     Tədbirin sonunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi paytaxt məktəbliləri arasında XXVII spartakiadanı açıq elan edib və bütün iştirakçılara müvəffəqiyyətlər arzulayıb.