27.10.2014

Valideyn – müəllim komitələri və məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri ilə görüş keçirilib

      25 oktyabr 2014 – cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin valideyn – müəllim komitələri və məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri ilə görüş keçirilmişdir. Görüşün keçirilməsində əsas məqsəd məktəblilərdə teatra maraq yaratmaq, hər yaş qrupuna uyğun tamaşalar hazırlamaq, tamaşadan sonra həmin tamaşalarla bağlı tamaşaçı konfransları keçirməkdir. Bundan başqa, şagirdlərin tamaşaların yaradıcı heyəti ilə məktəblərdə görüşlərini təşkil etmək, Bakı şəhərinin mərkəzindən kənarda yerləşən rayonlarında, habelə Abşeron rayonunda məktəblilər üçün səyyar tamaşalar keçirmək də nəzərdə tutulur. Məktəblilər üçün teatrda açıq qapı günlərinin, şagirdlərlə teatr mövzusunda müxtəlif viktorinaların, müsabiqələrin keçirilməsinə və təhsil müəssisələrində dram və qiraət dərnəklərinin yaradılmasına dəstək vermək də görüşdə müzakirə olunmuşdur.

      Görüşün sonunda Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında hazırlanmış eyni adlı tamaşa nümayiş etdirilmişdir.