04.11.2014

276 №-li məktəbdə ədəbi - bədii gecə keçirilib

     Bakı şəhəri Binəqədi rayonu 276 №-li tam orta məktəbdə millət vəkili, yazıçı - dramaturq, publisist Hüseynbala Mirələmov yaradıcılığına həsr olunan ədəbi - bədii gecə keçirilib. Ədəbi – bədii gecədə Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsal İsmayılov, Filologiya elmləri doktoru Raqub Kərimov, Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru Nazim Əhmədli, Filologiya elmləri doktoru İslam Qəribli iştirak ediblər.

     Tədbiri 276 №-li tam orta məktəbin direktoru, əməkdar müəllim Bəhram Şiriyev açaraq Hüseynbala Mirələmov yaradıcılığının yetişən nəsil üçün çox faydalı və dəyərli olduğunu bildirib.

     Tədbirdə çıxış edənlər yazıçının əsərlərini – roman, povest və dramlarını təhlil edərək H.Mirələmovun aktual, cəmiyyəti düşündürən məsələlərdən yazdığını xüsusi vurğulayıblar.

     Tədbirdə şagirdlərin ifasında H.Mirələmovun yaradıcılığından seçmələr, dramlarından nümunələr nümayiş etdirilib. H.Mirələmovun “Heydər Əliyev”, “Zərifə Əliyeva”, “İlham Əliyev”, “Gəlinlik paltarı”, “ Yanar qar”, “Bir gecənin sehri” və digər əsərləri əsasında hazırlanmış kompozisiya tədbir iştirakçılarının marağına səbəb olub.

     “Cəza”, “Xəcalət”, “Gəlinlik paltarı”, “ Sonuncu fateh”, “Yanan qar”, “Tənha durna uçuşu” kimi əsərlərin müəllifi olan H.Mirələmov sonda şagirdlərin suallarını cavablandırıb və məktəb kitabxanasına, o cümlədən şagirdlərə kitablarından hədiyyə edib.