12.11.2014

Bakı məktəblərində Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib

Tarixin özü qədər qədim olan bir ölkənin, millətin müasir tarixinin ən önəmli hadisəsinə - müstəqillik yolundakı mübarizəsinə şahidlik etmiş bayrağımız bü günlərdə daha möhtəşəm, daha şərəflə dalğalanır - Dövlət Bayrağı Günü qeyd edilir.

Ölkəmizin hər yerində olduğu kimi paytaxt məktəblərində də Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilir.

 

Xətai rayonu E.Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə 9 noyabr-Dövlət Bayraq Günü münasibətilə tədbir keçirilmişdir.      Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə məktəb kollektivi ilə yanaşı bir sıra qonaqlarda iştirak etmişdir.

 Tədbiri öz çıxışı ilə açan məktəbin direktoru Qarabəyli Hicran qonaqları təqdim etmiş, Azərbaycan tarixində mühüm rol oynayan bu gün haqqında müəyyən məlumatlar vermişdir. O, çıxışında bayraq sözünün etimologiyası, Ulu Öndərimiz Heydər Əliyevin bayrağımız uğrunda apardığı siyasəti, Azərbaycan bayrağının bugünkü günümüzə qədər keçdiyi tarixi yol haqqında qısa məlumat vermişdir.

     Daha sonra tədbirdə iştirak edən qonaqlardan Xətai rayon İcra başçısının müavini Jalə Abdiyeva və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparat rəhbəri Qəzənfər Qasımov və bir neçə məktəb direktoru və müəllimlərin çıxışları dinlənilmişdir.

Tədbir məktəblilərin hazırladıqları kompozisiyalar, vətənpərvərlik və bayrağa həsr edilmiş şeirlər, rəqs nömrələri , səhnəcik və mahnılarla davam etmişdir.

 

***

Binəqədi rayonu 157 nömrəlitam orta məktəbdə Dövlət Bayraq Gününə həsr olunmuş “Bayraq milli qürurumuzdur” adlı tədbir keçirilmişdir.

Məktəbin coğrafiya müəlliməsi Əliyeva Xanımın təşəbbüsü ilə baş tutan tədbir 9a və9sinif şagirdlərinin maraqlı çıxışları, ifaları və şeirləri ilə yadda qalmışdır.

Tədbirdə valideynlər və pedaqoji kollektivlə yanaşı Bakı şəhəri 42 saylı Gənclərin Diyarşünaslıq mərkəzinin nümayəndələri də qonaq qismində iştirak etmişdir.

Tədbirdə bayraq haqqında hazırlanan təqdimat qonaqlar və şagirdlər tərəfindən böyük maraqla izlənilmişdir.

 

***

194 nömrəli  tam orta məktəbdə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımızı qoruyaq, bayrağımızı sevək” adlı tədbir keçirilmişdir.

Tədbirdə  pedaqoji kollektiv, məktəbin şagirdləri və Xətai rayonu İcra Hakimiyyətindən dəvət olunmuş qonaqlar iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmişdir.

Dövlət Bayrağı Günü münasibətilə keçirilmiş tədbirdə məktəbin tarix müəlliməsi Şamilova Ləman çıxış etmiş, bayrağımız haqqında ümumi məlumat vermişdir.

Tədbirin sonunda məktəbin direktoru Əliyusif Əliyev çıxış etmiş, tədbiri hazırlayan müəllimlərə və fəal iştirak edən şagirdlərə öz təşəkkürünü bildirmişdir.

 

***

 Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbdə Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə məktəbin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Ələkbərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevanın təhsilə xüsusi diqqət və qayğı ilə yanaşmalarından, dövlətimizin gündən-günə qüdrətlənməsindən, təhsil sistemində Təhsil Nazirliyi tərəfindən  aparılan islahatlardan danışmışdır.

Tədbirdə məktəblilər milli rəsqlər ifa etmiş, bayrağa, vətənə aid şeirlər söyləmiş və vətənpərvərlik mövzusunda hazırladıqları səhnəciyi nümayiş etdirmişlər.

Tədbirin yekununda Azər Ələkbərov şagird və valideynləri, müəllimləri, məktəbin bütün kollektivini bayram münasibəti ilə təbrik etmişdir.


***

 

 

Bakı şəhəri Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbin bayraq günü münasibətilə tədbir təşkil edilmişdir. Tədbirdə məktəbin şagirdləri və valideynləri, məktəbin həyətində abidəsi ucaldılmış şəhid Ədalət Abbasovun valideynləri və Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə iştirak edən məktəbin fəal şagirdləri şəhidin abidəsi önünə qərənfillər qoymuş, şeirlər söyləmişlər. Sonda Dövlət Bayrağı Günü ilə əlaqədar rayon üzrə keçirilmiş yarışlarda məktəbin yer tutmuş şagirdləri diplomlarla mükafatlandırılmış, xatirə şəkilləri çəkilmişdir.

 

***

 

Ə.Vahid adına   293 nömrəli tam orta məktəbdə Azərbaycanın  Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə direktor, pedaqoji kollektiv, şagirdlər və valideynlər iştirak  etmişdir.

Öz çıxışı ilə tədbiri açıq elan edən məktəbin tarix müəllimi Qurbanova Xatirə bayram münasibətilə təbriklərini çatdıraraq bu bayramın bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırmışdır.O, bayrağımızın  yaranma tarixindən, keçdiyi keşməkeşli yoldan, şagirdlərdə vətənə, bayrağa olan  vətənpərvərlik hissindən danışmış, bayrağımızın gələn il işğal olunmuş torpaqlarda sancılması ümidi ilə nitqinə yekun vurmuşdur.

Tədbirdə V-VI sinif   şagirdlərinin hazırladığı kompozisiya təqdim olunmuşdur.