17.11.2014

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçiriləcək

      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində XI sinif şagirdləri üçün dərslər keçiriləcək. Noyabr ayının 18 – dən etibarən başlayan dərslər may ayının 4– dək davam edəcəkdir.

      Qeyd edək ki, Bakı şəhəri ərazisində fəaliyyət göstərən 470 ümumtəhsil məktəbinin (məcburi köçkün məktəbləri də daxil olmaqla) ümumilikdə 22453 XI sinif şagirdinə may ayının 4 - dək 264 dərs keçiriləcəkdir.

      Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edəcək dərslərin tədrisi ilə 150 – dən çox müəllim məşğul olacaq.

      Qeyd edək ki, bu dərslərin təşkilində əsas məqsəd ümummilli lider Heydər Əliyevin yüksək ideyalarının, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılmasından ibarətdir. Həmçinin məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.