21.11.2014

“Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü”nə həsr olunan anım mərasimi keçirilib

      Bu gün Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birgə təşkilatçılığı ilə “Ümumdünya yol qəzaları qurbanlarının xatirə günü”nə həsr olunmuş “Yaşasaydım 25 yaşım olardı” devizi altında anım mərasimi keçirilib.

      Tədbirin keçirilməsində əsas məqsəd yol qəzalarında həlak olanların xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, minlərlə uşağın həyatına son qoyan səssiz bəlanın ciddiliyini ictimaiyyətə bir daha çatdırmaqdır.

      Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik leytenantı Vaqif Əsədov, polis polkovnik leytenantı Rasim Abdullayev, Milli Məclisin deputatı Fazil Mustafa, Jurnalistika və İnkişaf Mərkəzinin jurnalisti Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov, Bakı Şəhər Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin,  Həyat Humanitar Təşkilatının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, ümumtəhsil məktəblərinin, məktəbdənkənar tərbiyə müəssisələrinin müəllim və uşaqları, valideynlər, o cümlədən KİV nümayəndələri də iştirak ediblər.

      Tədbirdə yol qəzaları qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Milli Məclisin deputatı Fazil Mustafa çıxış edərək bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu bildirib.

      Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovisə çıxışı zamanı hamını qanunlara riayət etməyə çağırıb.

      Tədbirdə yol qəzalarında həlak olan məşhurların şəkilləri slaydlarla nümayiş etdirilib, Bakı Şəhər DYP İdarəsinin reklam xarakterli sosial çarxı göstərilib. Yol hərəkəti qaydaları dərnəyinin xüsusi formalar geyinmiş üzvləri isə sürücüləri yolda diqqətli olmağa çağıran müraciət səsləndiriblər.