24.11.2014

XXVII SPARTAKİADA DAMA YARIŞI İLƏ BAŞLADI

      20 noyabr 2014-cü il tarixdə Respublika Şahmat Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan dama növü üzrə yarışa start verilib. Yarışda 10 rayon komandası tərkibində 60 nəfər (onlardan 20 nəfəri qızlardır) iştirak edib.

      A qrupunda 189 – 190, 80, 249, 233, 167, 211 nömrəli tam orta məktəbin komandaları, B qrupunda isə Zəngi Liseyinin, 26, 82, 226 nömrəli tam orta məktəblərin komandaları dairəvi sistem üzrə yarışıblar. Qrup oyunlarından sonra komandalar çarpaz şəklində müvafiq yerlər uğrunda oynayıblar.

      21 noyabr 2014-cü il tarixdə Respublika Şahmat Mərkəzində isə dama növü üzrə yarışın final mərhələsi keçirilmişdir. Yarışın nəticəsinə görə, I yeri Səbail rayonu 189 – 190 nömrəli tam orta məktəbin komandası, II yeri Sabunçu rayonu 80 nömrəli tam orta məktəbin komandası, III yeri Nərimanov rayonu 82 nömrəli tam orta məktəbin komandası tutub. Binəqədi rayonu 179 nömrəli tam orta məktəbin komandası yarışlarda iştirak etməyib, komandaya XI yer və 3 cərimə xalı verilib.

      Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakiminin müavini Əbdülov Salman, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı, XXVII spartakiadanın baş katibi Sultanova Valentina, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi, XXVII spartakiadanın mandat komissiyasının sədri Əlizadə Cəlil və yarışların baş hakimi Məmmədzadə Nurəli qalibləri təbrik edib və onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

      Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.