01.12.2014

228 nömrəli məktəbdə “Açıq qapı” günü keçirildi

     Ə.Kazımov adına 228 saylı tam orta məktəbdə yeni ənənəyə start verilmişdir.  Belə ki, noyabrın 28-dən başlayaraq hər ayın sonuncu cümə günü məktəbdə "Açıq qapı" günü kimi elan olunmuşdur.

     “Açıq qapı” gününün keçirilməsində məqsəd məktəbdə idarəetmənin daha da təkmilləşdirilməsinə xidmət etmək, valideynlərlə müəllimlərin birlikdə fəaliyyət göstərməyini təmin etməkdir.

      Bu məqsədlə noyabrın 28-i 14:00-dan 16:00-a  qədər məktəbin ilk "Açıq qapı" günü keçirilmişdir. Valideynlər məktəbə gələrək müəllimlərlə görüşmüş, siniflərə və bütövlükdə məktəbə baxış keçirmiş, müxtəlif məsələlərlə bağlı direktora və müəllimlərə müraciət etmişdir.

     Məktəbin müəllim kollektivi və inzibati heyəti valideynlərin təkliflərini dinləmiş,  valideynlər məktəbdə son bir ayda baş verən dəyişikliklərdən məmnun qaldıqlarını bildirmişlər.

     “Açıq qapı” günündə məktəbə  müxtəlif layihə və müraciətlərlə gələnlər də olmuşdur.

      Belə ki, valideynlər dərslərdə iştirak etməyi, dərs prosesini izləməyi təklif etmiş, məktəblilər üçün  müxtəlif ekskursiyaların təşkil olunması barədə məktəb rəhbərliyinə müraciət etmişlər.

      Qeyd edək ki,  müraciət və təklifləri əsas götürərək məktəbdə yeni təmir olunaraq müasir avadanlıqla təmin olunmuş “Açıq dərs otağı”nda təşkil olunacaq dərslərə valideynlər də dəvət olunacaq, məktəblilərin ali təhsil müəssisələrinə ekskursiyalar baş tutacaqdır.

      Məktəbin direktoru Azər Ələkbərov bütün müraciətlərə baxılacağını, ənənəyə sadiq qalaraq hər ayın son cümə günü “Açıq qapı günü” təşkil edilərək valideynlərin bütün təklif və iradlarının dinləniləcəyini vurğulamışdır.