17.12.2014

Məktəb idarəetməsi mövzusunda təlim proqramı fəaliyyətə başladı

      Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Paris Sorbonna Abu - Dabi Universiteti arasında baş tutan əməkdaşlıq nəticəsində fəaliyyətə başlayan intensiv təlim - seminar proqramının açılışı keçirilmişdir.

      Açılış mərasimində Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Packal Mönye, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva, təlim iştirakçıları və o cümlədən, KİV nümayəndələri iştirak etmişdir.

     Tədbiri Paris Sorbonna Universitetinin postsovet ölkələri üzrə müşaviri İmran Muxtarov giriş sözü ilə açaraq qonaqları, təlim iştirakçılarını salamlamış və təlimin mahiyyəti barədə qısa məlumat vermişdir.

     Mərasimdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Packal Mönye, BŞTİ - nin müdir müavini Məhəbbət Vəliyeva da çıxış edərək təcrübə mübadiləsi baxımından təhsildə bu kimi təlimlərin önəmli yer tutduğunu xüsusilə vurğulamışlar.

     Sonda Paris Sorbonna Abu - Dabi Universitetinin vitse-kansleri Eric Fouachenin təlim iştirakçılarına ünvanladığı məktub oxunmuşdur.

     Qeyd edək ki, Paris Sorbonna Abu - Dabi Universitetinin müəllimi və təlimçisi kimi fəaliyyət gösətərən Martina Dickson tərəfindən məktəb idarəetməsi mövzusunda keçirilən təlimdə dövlət ümumtəhsil müəssisələrinin rəhbərləri üçün intensiv təlim proqramında direktor, direktor müavinləri və digər təhsil işçiləri iştirak edirlər.

     Nəzərinizə çatdıraq ki, dekabr ayının 17 – də başlayan təlim 20 dekabrda yekunlaşacaqdır.