18.12.2014

Azərbaycan Respublikasının Prezidenti “Ən yaxşı müəllim”, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb

      2013 – 2014 – cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim”, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası  Prezidenti cənab İlham Əliyevin 17 dekabr 2014 – cü il tarixli sərəncamlarına müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan 7 ümumtəhsil məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi”, 4 müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.

      Sərəncamlara əsasən, ölkə üzrə ümumilikdə 100 nəfər “Ən yaxşı müəllim”, 50 təhsil müəssisəsi isə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin qalibi adına layiq görülüb.

      Azərbaycan Respublikası Konstitusiyasının 109 – cu maddəsinin 32 – ci bəndini rəhbər tutaraq “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007 – ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamının 1 – ci hissəsinə uyğun olaraq “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə müəllimlər 5000 (beş min) manat məbləğində, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılırlar.