30.12.2014

Hörmətli müəllimlər və təhsil işçiləri! Əziz şagirdlər və valideynlər!

      Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, dərin hörmət və ehtiramını bildirir, ən xoş arzularını yetirir!

     Sevindirici haldır ki, yola saldığımız 2014 - cü il müstəqil Azərbaycanın müasir təhsil sisteminin formalaşdırılmasının yol xəritəsi sayılan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın gerçəkləşdirilməsinin ilk ili kimi təhsil sahəsində bir sıra uğurlu islahatlara imza atılması ilə yadda qaldı.

      Hesab edirik ki, bu addımların atılmasında, ümumi təhsil üzrə bir çox layihələrin ilk dəfə həyata vəsiqə almasında doğma Azərbaycanımızın intellekt mərkəzi sayılan, hər zaman ölkəmizin təhsil sisteminin öncülü olan Bakı təhsilinin, şəhərimizin təhsil işçilərinin, bütövlükdə təhsil ictimaiyyətinin də müstəsna rolu olmuşdur.      

      Son illərdə dövlət başçısı tərəfindən aparılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə yüksəltmiş, Azərbaycan artıq yeni dövrə - modernləşmə mərhələsinə qədəm qoymuş, dünyanın yeni inkişaf trendlərini müəyyən edən təhsil fenomeni bu dövrdə ön plana keçmişdir.

 

      Əziz müəllimlər!

 

       Bu dövrün - modernləşmə mərhələsinin müasir təhsil sisteminin formalaşdırlması, təhsilin məzmununun və həmin məzmunun səmərəli mənimlənilməsini təmin edən təhsilverənlərin formalaşdırılması, nəticəyə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması, müasir tələblərə cavab verən infrastrukturun və maliyyələşdirmə sisteminin qurulması kimi qlobal missiya Azərbaycanın təhsil sisteminin, ölkəmizin  bütün  təhsil işçilərinin üzərinə düşür. Hazırda təhsildə başlıca vəzifə müstəqil Azərbaycanın milli - mənəvi dəyərlərini, azərbaycançılıq məfkurəsini dərindən mənimsəmiş vətəndaş, qloballaşan dünyada rəqabətədavamlı, peşəkar kompetensiyalara və biliklərə malik vətənsevər şəxsiyyət yetişdirməkdən ibarətdir.

        

      İnanırıq ki, ölkəmizin bütün təhsil işçiləri kimi, Bakı şəhərinin təhsil işçiləri və müəllimləri də yeni  2015 - ci ildə təhsil sahəsində müstəqil Azərbaycanın müasirləşmə platforması sayılan Dövlət Strategiyasında müəyyənləşdirilən strateji istiqamət və taktiki hədəflərə çatmaqda öz bilik və bacarıqlarını əsirgəməyəcək, hər zaman olduğu kimi doğma yurdun beyin, kreativ düşüncə mərkəzinin tarixi - mədəni ənənələrini daha da inkişaf etdirəcək, Azərbaycan təhsilindəki öncül, aparıcı mövqelərini bundan sonra da qoruyub saxlayacaqdır.

        

      Əziz həmvətənlər!

 

      Sizə - xalqımızın intellektual potensialının formalaşmasında müstəsna rolu olan müqəddəs peşə sahiblərinə - sevimli müəllimlərə, millətin gələcəyi sayılan uşaq və gənclərin təlim - tərbiyəsi prosesində hər zaman təhsil sisteminə dəstək olan istəkli valideynlərə, doğma şəhərimizin bütün təhsil iştirakçılarına qarşıdan gələn 2015 - ci ildə müstəqil Azərbaycanın aydın sabahı naminə təhsildə daha böyük uğurlar diləyir, hamınıza sağlam və firavan həyat, səadət dolu günlər arzulayırıq!

 

      Dərin hörmətlə,                                                                   

 

      Təhsil Nazirliyi                                                                   

      Bakı şəhəri üzrə Təhsil İdarəsi                                               30 dekabr 2014 - cü il