19.01.2015

Azadlığa gedən yollar

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Bakının küçələrinə və meydanlarına çıxaraq öz haqq səsini qaldıran geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin və xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası təhsil nazirinin 6 yanvar 2015 ci il tarixli 08 nömrəli “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə” əmrinə əsasən bir sıra məktəblərdə və məktəbdənkənar müəssisələrdə də tədbirlər keçirilir.

Bakı şəhəri R.Hüseynov adına 49 № li “İntellekt” məktəb-liseyində “Tariximizə qara hərflərlə yazılmış gün” adlı 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər silsiləsi keçirilib.
20 Yanvar faciəsi dərin hüzn və kədərlə məktəbdə təşkil olunmuş açıq sinif saatlarında yad olunub. Belə ki, 20 Yanvar hadisələrinin baş vermə səbəbləri haqqında tarix müəllimi Abdullayeva Gülşən ətraflı məlumat verib, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məktəbin şagirdləri tərəfindən “Xalqın faciəsi , kədəri və inamı” adlı ədəbi-bədii kompozisiya hazırlanıb. 
Bir-birindən fərqlənən, müxtəlif seçimli açıq sinif saatlarında 20 Yanvar faciəsi vərəqləndikcə şagirdlərin gözündə xalqımızın azadlıq uğrunda mübarizəsi canlandırılıb.
Tariximizə qanla yazılmış 20 Yanvar faciəsinin məktəbin divar qəzetlərində, buklet və referatlarında, eləcə də rəsm və inşa yazı müsabiqələrində öz əksini tapıb.
20 Yanvar faciəsi məktəb kitabxanasının təşkil etdiyi bədii qiraət gecəsində də şagirdlərin fəallığı şəraitində qeyd olunub.

*****
17 yanvar 2015-ci il tarixində Bakı Şəhəri 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş “Haqq yoludur tutduğumuz yol” adlı tədbir keçirilib. Mərkəzin foyesi, akt zalı “Günəş” rəsm studiyasının üzvlərinin çəkdiyi 20 Yanvar faciəsinə həsr olunmuş rəsmlər və plakatlar sərgilənib, zalda qanlı yanvar faciəsini əks etdirən kitablar qoyulub. 
Tədbirdə “20 Yanvar” Cəmiyyətinin nümayəndələri, faciənin şahidləri Tahir Məmmədov, Eyşan İskəndərov, İlham və Fərizənin ailə üzvləri- Fərizənin anası Bağda xanım, İlhamın qardaşı Elxan müəllım, Qaradağ rayon Polis İdarəsinin qeydiyyat qrupunun inspektoru, Qarabağ müharibəsinin veteranı Aidə xanım Şirinova, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi işçisi İlhamə Qəsabova, 28, 44, 45, 47, 54, 164, 207, 211 №-li məktəblərin şagirdləri və Mərkəzın dərnək üzvləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı, təşkilatçı müəllim Vəfa Həşimova gələn qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra 245 №-li məktəbin şagirdi Nərgiz Həşimzadə qanlı yanvar hadisələri haqqında ətraflı məlumat verib. Tədbirdə Mərkəzin “Dram” dərnəyinin üzvləri 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə, “Məktəb teatrı” dərnəyinin üzvləri isə Alı Mustafayevin “Dəli bir ağlamaq keçir könlümdən”adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Qanlı tariximizə həsr olunmuş tədbirdə qonaqlar çıxış edərək “20 Yanvar” faciəsini Azərbaycan tarixində qanlı səhifəsi kimi yaşadılmasını, təkcə ildönümlərində yox, hər zaman təbliğatın aparılmasını tövsiyə etdilər. 
Tədbir C.Cabbarlı adına kinostudiyanın kinorejissoru Xamis Muradovun çəkdiyi “Azadlığa gedən yollar” adlı sənədli filmin nümayişi ilə başa çatıb.

*****
19 yanvar 2015-ci il tarixində Bakı şəhəri 186 nömrəli tam orta məktəbin akt zalında Azərbaycanın azadlığı uğrunda canlarını qurban verən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Azadlıq carçıları” adlı anım mərasimi keçirilib.
Anım mərasimində məktəb rəhbərliyi ,müəllimlər, valideynlər və şagirdlər iştirak edib , şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər ,bayatılar , mahnılar söyləyib , ədəbi-bədii kompazisiyalar nümayiş etdiriblər.
Məktəbdə 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr edilmiş inşa yazı , rəsm müsabiqələri və idman yarışları keçirilib, anım mərasimi zamanı müsabiqələrin və yarışların qalibləri fəxri fərman və diplomlarla təltif ediliblər.

*****
28 nömrəli tam orta məktəbdə də 20 Yanvar faciəsinin iyirmi beşinci il dönümü ilə əlaqədar tədbirlər keçirilir.
Məktəbin fəal müəllimləri tərəfindən bu mövzuda tematik dərslər və məşğələlər təşkil olunur.
Qeyd edək ki, 28 nömrəli məktəbdə qan yaddaşımız olan bu gün ilə bağlı yanvarın 19-u tarixində 20 yanvar faciəsinin qurbanları 1 dəqiqəlik sükutla yad edilib, birinci dərslər bu mövzuya həsr edilib.
Eyni zamanda, məktəbin şagird və müəllim kolletivinin 20 Yanvar faciəsinin xatirəsinə ucaldılmış abidələri, Şəhidlər xiyabanını ziyarət etməsi nəzərdə tutulub.
Məktəb kitabxanasının müdiri E.Rəsulzadə tərəfindən şagirdlərin əl işlərindən, rəsm əsərlərindən ibarət “20 Yanvar qanlı gecə” adlı güşə hazırlanıb.

*****
Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin iyirmi beşinci il dönümü ilə əlaqədar müvafiq tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilib. Belə ki, həftə ərzində şagirdlərin yaradıcı əl işlərindən ibarət “Qərənfil hekayəsi” adlı sərgi nümayiş etdirilib.
Məktəbdə 15-19 yanvar tarixlərində “Qanlı Bakı” adlı foto-sərgi, “Qəhrəmanlıq səlnaməsi” adlı plakat müsabiqəsi, “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı inşa-yazı müsabiqəsi və Şəhidlər xiyabanına ziyarət və Bayraq meydanına ekskursiya təşkil edilib.
19 yanvar 2015-ci il tarixdə məktəbin tarix müəllimlərinin məruzəsi əsasında qurulmuş “Tariximizin qan yaddaşı” adlı konfransı keçirilib. Konfransda tarix müəllimləri mövzu ilə bağlı geniş təqdimatlar nümayiş etdiriblər.
Eyni zamanda, qan yaddaşımıza həsr olunan tədbirlər çərçivəsində məktəbin “Dostluq klubu” nun üzvləri “20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidir” adlı esse yazıları ilə Göy-Göl rayonunun 1 nömrəli tam orta məktəbin şagirdləri ilə online internet vasitəsilə fikir mübadiləsi aparıb və qalib şagirdlər hər iki məktəb tərəfindən xüsusi diplomlara layiq görülüblər.
20 Yanvar faciəsi çərçivəsində hazırlanmış tədbirlər məktəb kollektivinə və şagirdlərə “Qarabağdır Azərbaycan” filminin nümayişi ilə başa çatıb