02.04.2015

Sabahın alimi

2012-ci ildən etibarən «Sabahın alimləri” respublika müsahibəsində Azərbaycan da iştirak edir.

Bu nüfuzlu müsabiqə bütün dünya üçün aktual olduğu kimi, Azərbaycan üçün də aktual və əhəmiyyətlidir. Təhsil sahəsində aparılan islahatlar, orta ümumi təhsil müəssisələrində tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilmişdir. Bu gün Azərbaycan məktəblərində  tədqiqatlar aparmağa, yeni informasiya texnologiyalarından istifadə etməyə geniş imkanlar yaradılır. Orta ümumi təhsil müəssisələrində Kiçik Akademiyalar fəaliyyət göstərir, həmin Akademiyalar çərçivəsində elmi konfranslar keçirilir. Bu işlərin aparılmasında əsas məqsəd şagirdlərə kiçik yaşlarından elmi vərdişlər aşılamaq, onları yeni elmi axtarışlara, ətraf mühiti yaxşılığa doğru dəyişdirməyə sövq etməkdən ibarətdir.

Bütün bunlar imkan verir ki, ölkəmizin ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında elm və mühəndislik sahəsində biz də milli müsabiqə keçirək və həmin müsabiqənin qalibləri sırasından ən layiqlilərini seçərək Intel ISEF müsabiqəsinə göndərək. Əlbəttə, bu işdə həm ümumi təhsil müəssisələrinin müəllim kollektivləri, həm də ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında çalışan alimlər öz töhfələrini verməlidirlər.

Azərbaycan  müsabiqədə iştirak etməyə başladığı ildən bu günə kimi müvəffəqiyyət əldə edib, uğur qazanan iştirakçılarımızın sayı artıb.

Elə bu dəfəki müsahibimiz “Sabahın alimləri” respublika müsahibəsində bir neçə dəfə iştirak edərək hər dəfəsində yeni bir uğur əldə edən Nərgiz Allahverdiyevadır.

Nərgiz bu müsabiqədə üç dəfə iştirak edib. Birinci və ikinci il 2-ci yerə, medal və diploma layiq görülüb. 3-cü il isə qalib olub. O, bu müsabiqə barədə fikirlərini belə ifadə edir : “Müsabiqənin mahiyyəti kifayət qədər böyükdür. Şagirdləri aktivləşdirir, yaradıcı olmağa sövq edir. Bir mənalı olaraq, sosiallaşırlar. Bundan əlavə öz seçdikləri istiqamətdən başqa digər istiqamələrdə də biliklərini artırırlar”.

Nərgiz “Sabahın alimləri Respublika müsabiqəsindən danışarkən o günlərə qayıtdığını hiss edirik. Həmin günlərin həm şən, həm həyəcanlı və bir iştirakçı üçün uğurlu günlər olduğunu görməmək mümkün deyil.

“Sabahın alimləri” III Respublika Müsabiqəsində  Nərgiz “Maqnit təbiətli, dəmir nanohissəciklərin narın şirəsindən bioloji yolla sintezi” layihəsi ilə iştirak edib. Müsahibimiz bu sahəni və mövzunu seçməyini izah edərkən deyir: “Bu layihəni işləməkdə məqsəd, maqnit təbiətli, dəmir nanohissəciklər əldə etməkdir ki, biz bunu ilin bütün fəsillərində əldə edilən narla edirik (və bu daha az maliyyətə səbəb olur). Biz bioloji yolu seçirik. Çünki, bu zaman zərərli heç bir toksik maddə alınmır”.

Bu müsabiqənin əslində yenilik axtarışında olduğunu deyən qalibimiz qeyd edir  ki, layihənin mövzusunun aktual olması və  elmə müəyyən qədər yenilik gətirməsi kifayətdir ki, müsabiqədə şanslı tərəf seçiləsən.

Nərgizlə yanaşı bu layihənin ərsəyə gəlməsində onunla birlikdə çalışan Cəmil İmranov, Biologiya müəllimi Gülnarə Xəlilova və Biologiya elmləri üzrə fəlsəfə doktoru Aygün Xanım Nəsibovanın da böyük rolu olmuşdur.

“Birlikdə çalışmanın müsbət tərəflərindən danışarkən qeyd edir ki, qrup halında çalışmağın demək olar ki, mənfi cəhəti yoxdur. Layihəni qrup halında işləmək daha əyləncəli olur. Layihənin tək və qrup kimi çalışmanın arasında fərq yalnız lider şagirdin məsuliyyətinin nisbətən daha çox olmasıdır”.

Layihə mövzusunun aktual olması ilə yanaşı o, uğurun səbəbi kimi layihə mövzusunun yaxşı dərk edilməsi və maraqlı şəkildə təqdim  edilməsinin də müsabiqədə önəmli olduğunu deyir.

16 nömrəli texniki-humanitar liseyin məzunu olan Nərgiz hazırda Azərbaycan Diplomatik Akademiyasının İnformasiya texnologiyalari və sistemləri mühəndisliyi ixtisası üzrə təhsil alır. 3 il ərzində müsabiqədə seçdiyi sahə üzrə təhsili davam etdirməsə də “Sabahın alimləri” müsabiqəsində iştirak etməsi və uğur qazanması ona gələcək karyerasında geniş imkanlar açacağına əmindir.

O qeyd edir ki, əldə etdiyi uğurla yanaşı qazandığı təcrübə də təhsil həyatında ona kömək edir. Nərgiz deyir ki, müsabiqədən sonra “teamwork”-də daha yaxşı çalışır. Təqdimatın hazırlanması, təqdim edilməsi, bədən dilindən istifadə edilməsi barədə yoldaşlarından daha çox məlumatlıdır. Artıq hər hansı bir layihə üzərində işləmək ona daha asan gəlir. O günlərin həyəcanını, sevincini anladan Nərgiz müsabiqədə iştirakla yanaşı dost əhatəsinin genişlənməsində, çoxlu dost qazanmasında  müsabiqənin rolunun böyük olduğunu vurğulayır. Uğura fərəhləndiyi kimi sosial çevrəsinin genişləndiyinə görə sevindiyini də gizlətmir: “Müsabiqədə qalibiyyət əldə etdikdən sonra biz Amerika Birləşmiş Ştatlarına getmək şansı qazandıq. Orada da maraqlı insanlarla tanış oldum. O zaman yaranan səmimi münasibətlər dostluğa çevrilib. İndi mənim çoxlu dostlarım var, istər xaricdə, istərsə də vətənimdə”.

Müsabiqədə qalib olan təcrübəli müsahibimiz eyni zamanda, qalib olmağa səbəb olan amilləri faizlərlə qiymətləndirib: “Siz artıq yarışdasınızsa, bu o deməkdir ki, layihəniz yaxşıdır. Mən hesab edirəm ki, müvəffəqiyyət qazanmaq şansınızın 30%-i ingilis dilinizə, 40%-i təqdimatınıza, 30%-i isə  layihənizə bağlıdır”.