16.02.2015

Məktəblilərarası I fənn müsabiqəsinin qalibləri

 “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” istedadlı uşaqların müəyyən edilməsi və onların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirir. İstedadlı uşaqların aşkara çıxarılmasında isə olimpiadalar və fənn müsabiqələri müstəsna əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq, Respublika fənn olimpiadalarının final mərhələsi Təhsil Nazirliyinin xüsusi nəzarəti altında şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilib. Eyni zamanda nəticələr ciddi təhlil edilib və araşdırılıb.

2015-ci ildə fəaliyyətinin əsas istiqamətlərindən biri olan istedadlı şagirdlərlə işin düzgün qurulması və bunun üçün şagirdlərin biliklərinin artırılmasında müsabiqələrin, olimpiadaların keçirilməsinin böyük əhəmiyyəti olduğunu, məktəblərin, müsabiqələrin istedadlı şagirdləri aşağı siniflərdə müəyyənləşdirməyə kömək etdiyini qeyd edək. Eyni zamanda bilik yarışları şagirdlərin beynəlxalq səviyyədə keçirilən olimpiadalarda yüksək səviyyədə iştirakına zəmin yaradır.

Bütün bü  səbəblərə görə bu il yaradıcı və lazımlı bir ənənənin başlanğıcı quruldu – məktəblərarası fənn müsabiqəsi layihəsi həyata keçirilib. Bu müsabiqədə riyaziyyat və təbiət elmləri (kimya, biologiya, fizika) olmaqla, iki istiqamətdə aparılıb. Məktəblər müsabiqədə riyaziyyat fənni üzrə VI, VII və VIII, təbiət elmləri üzrə isə VII, VIII və IX siniflərin hər birindən 3 nəfər olmaqla, 9 nəfərlik komandalarla təmsil olunub. Üç mərhələdə aparılan bilik yarışında 600-ə yaxın şagird iştirak edib.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin müxtəlif fənlərə olan marağının artırılması, onlara bilik və bacarıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması, məktəblilər arasında sağlam rəqabət hissinin formalaşdırılması və istedadlı şagirdlərin üzə çıxarılmasıdır.

Müsabiqədə qalib olanlar fərdi qaydada riyaziyyat, kimya, fizika və biologiya fənləri üzrə I, II və III yeri tutan şagirdlərə diplom və medallar təqdim olunub. Hər fənn üzrə ilk onluqda olan şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb. Komanda hesabında riyaziyyat və təbiət elmləri üzrə I, II və III yeri tutan ümumi təhsil müəssisələrinə kubok verilib.

Bu müsabiqədə uğur qazanan şagirdlərin sayına, layiq olduğu yerə görə iki məktəb seçilir. Biz də bu iki qalib məktəbin məktəblərarası fənn müsabiqəsi haqqında təəssuratlarını, fikirlərini öyrənməyə çalışdıq.

 

220 nömrəli məktəb-liseyin məktəblərarası fənn müsabiqəsində iştirakı haqqında təəssüratları

Uğurlu  başlanğıc…

Məktəbin direktoru Almaz xanım fikirlərini belə ifadə edir: “Azərbaycan  təhsilində ilk dəfə keçirilən fənn   müsabiqəsi son dövrün ən uğurlu  addımlarından  və yeniliklərindən  biri idi. Bu  müsabiqə parlaq bir işıq idi. Bu işığın şəfəqi  bütövlükdə elə bir təsir yaratdı ki, məktəb,müəllim və şagird üçlüyü gərgin və inamlı addımlarla fəaliyyətə başladılar. Qələbəyə doğru gedən bir fəaliyyətə. Hamı  başa düşdü ki, fəaliyyət və aktivlik dövrü gəlib. Bir an belə  ləngimək olmaz. Burada mütləq düzgün, ədalətli seçim, şəffaflıq  və inam lazım idi; özünə inam, qələbəyə inam. Seçim çox şaxəli və çox mərhələli oldu. Sınaq meydanında məktəb, müəllim, illərlə damcı-damcı toplanmış zəhmətlərin bəhrəsi dururdu. Biz var olduğumuzu, heç zaman geri çəkilmədiyimizi, heç bir güzəştə  getmədən daim öhdəmizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışdığımızı sübut etməliydik. Bizə bu imkan üçün şərait yaradılmışdı  və bizim düzgün təşkilatçılıq bacarığımız bizi qələbəyə aparmalıydı. Riyaziyyat və təbiət fənn  sahələri üzrə seçilmiş 18 nəfər şagird müsabiqəyə qələbə əzmi ilə qatıldılar.

       Bu müsabiqə bizə özümüzə inamı qaytardı. Bu gün  biz yeni qələbələr  ümidi və arzusu ilə yaşayırıq. Çünki təhsil və tərbiyə verərək  bilik və bacarıqlarımızı ötürdüklərimizin  bizə yeni uğurlar gətirəcəyinə  inanırıq.

Belə müsabiqələr məktəbə, müəllimə, şagirdə və valideynə özünə inamı artırmaq, fəaliyyətinin  nəyə layiq olduğunu bilmək  və  təhsilimizin səviyyəsini öyrənmək  üçün  lazımlıdır.”

 6,7,8 və 9-cu siniflərdən aparılan seçimlər, müəllimlərin gərgin, məsuliyyətli səmərəli  kollektiv işi  mərhələdən mərhələyə  məktəb kollektivində və  məktəblilərdə özünə inam yaradıb.

Müsabiqənin çətin, rəqiblərinin güçlü olacağını təxmin edən müəllimlər və müsabiqədə iştirak edəcək şagirdlər öncə tərəddüdlü olublar. Sonra birinci mərhələnin nəticələri göstərib ki, şagirdlər digər məktəblər üçün əsl rəqibdirlər və onlara qalib gəlmək  elə də asan deyil. Onlar bu qalibiyyəti əzmlə qoruyub saxlayıblar, məktəbin, müəllimlərinin inamını  şərəflə doğruldublar.

Müxtəlif fənlər üzrə I yerə layiq görülən Ağazadə Murad, Səlimov  Kamal, Səlimova Nigar bu müsabiqədə onlara dəstək olan müəllimlərinə təşəkkür etdilər. Həmçinin, müsabiqədə qalib olmuş şagirdlərə təbriklərini çatdırdılar.

220 nömrəli məktəb 30 məktəb içərisində  riyaziyyat fənni üzrə  II yer, təbiət  fənləri üzrə VI  yer tutub. Amma məktəb kollektivi bu qələbənin tarix olduğunu, dünəndə qaldığını deyərək bundan sonrakı müsabiqələrdə tək hədəflərinin I yer olduğunu  qeyd etdilər.

Eyni zamanda, 220 saylı məktəb-liseyin müəllim və valideynləri adından Azərbaycan Respublikası Təhsil Nazirliyinə bu müsabiqənin  təşkili üçün təşəkkür etdilər və təhsilimizə uğurlar arzuladılar. Bu yolda yorulmadan çalışacaqlarını vurğuladılar.

 

287 nömrəli ”Zəkalar”  liseyinin məktəblərarası fənn müsabiqəsində iştirakı haqqında təəssüratları

Qalibiyyət yolunda...

287 nömrəli ”Zəkalar” liseyinin direktoru Aygün müəllimə deyir ki, müsabiqəyə xüsusi maraq və məsuliyyətlə hazırlaşıblar, yarışda iştirak edəcək şagirdlər rəhbərlik və fənn müəllimlərinin iştirakı ilə ümumi fikrə əsasən seçiblər.  Müsabiqədə iştirak edəcək şagirdlər müəyyənləşdikdən sonra sanki bir marafona başladıqlarını deyən direktor müəllimlərin şagirdlərlə xüsusi proqramlarla hazırlaşdığını qeyd etdi.

“15 Yanvar...Həyəcanlı,sevinc dolu baxışlar səhnədə idi. Təltif olunduqları mükafatla sanki günəşdən bir qığılcım qoparmış, öz aləmlərində bir od yaratmışdılar. Onlara fərdi yanaşdıqca özləri qədər fikirləri, düşüncələri, bilikləri, yaradıcı təxəyyülləri, məntiqi təfəkkürləri daha da inkişaf edir, özlərini uşaq dünyasında gələcəyin böyük şəxsiyyəti kimi qiymətləndirirdilər” – deyə məktəb direktoru qeyd edir.

Müəllimin istedadlı uşaqlarla işi mürəkkəb və heç vaxt bitməyən prosesdir, çünki onlar orta təhsil çərçivəsində bütün biliyi mükəmməl qavramaqla bərabər, maraqları olan sahədən də  yeni fikir, ideya toplamağa can atırlar, müəllimlərin işi isə onlarda həmin istiqamət üzrə yüksək elmi səviyyəni təmin etməkdir.

         Belə müsabiqə və yarışların keçirilməsi liseyin şagirdlərində rəqabət ruhunun formalaşmasında, özlərini bilik sferasında təqdim etməsində, maraq və meyllərinin  differensiallaşmasında böyük rol oynayıb.

Nəticədə 287 nömrəli ”Zəkalar” liseyinin şagirdləri həm fərdi, həm də komanda hesabında qaliblər sırasında yer alıblar. Belə ki, VII sinif  şagirdi Yusifzadə Aidə Elxan qızı kimya fənni üzrə  və VIII sınıf şagidi  Ağalı Günel Ənvər qızı fizika fənni üzrə I yerə layiq görülülblər. Liseyi təmsil edən digər şagirdlər  isə fənlər üzrə II və III yerləri bölüşüblər. Ümumi komanda hesabına görə Bakı şəhəri Xətai rayonu  287 nömrəli ”Zəkalar” liseyi bütün iştirak edən  məktəblər arasında III yerə,  Bakı məktəbləri arasında I yerə layiq görülüb, məktəb kubok  və təşəkkürnamə ilə mükafatlandırılıb.    

          287 nömrəli ”Zəkalar” liseyinin  kimya müəlliməsi Sədirova Lamiyə deyir ki, müsabiqənin  hazırlıq dövründə şagirdlərin gərgin əməyi, o cümlədən , yeni,  müxtəlif , fərqli test və suallarla işləmək vərdişlərinin, öz aralarında müzakirə və fikir mübadiləsinin şagirdlərin elmə marağında, təhsilə bağlanmaqlarında böyük rol oynayıb.

O, çalışdığı liseyin Bakı şəhəri üzrə I yerə layiq görülməsi və şagirdlərin müsabiqədə yüksək nailiyyətlarinə görə münasibətilə məktəb rəhbərliyini, müəllim kollektivini, şagirdləri və onların valideynlərini təbrik etdi.

Məktəb rəhbərliyi müsabiqədə iştirak edən şagirdlər yüksək nəticələrinə görə bir daha liseyin müəllim və şagird kollektivi  qarçısında mükafatlandırılıb, əməyi keçən müəllimlər –Məmmədova Ellada  Nemət qızı (biologiya) ,Şərifova Vəfa Əli qızı(fizika),  Sədirova Lamiyə Cumay qızı (kimya) hədiyyə və  fəxri fərmanla təltif ediliblər.