23.02.2015

Ana vətənim, ana dilim - Azərbaycanım

21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.  Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir.

Bütün dünyada olduğu kimi Azərbaycanda bu gün böyük həvəslə qeyd olunur.

Beynəlxalq Ana dili günü ilə əlaqədar məktəblərimizdə və məktəbdənkənar müəssisələrimizdə bir-birindən rəngarəng tədbirlər keçirilir. Bu tədbirlər vasitəsilə gənc nəslə ana dilinə, vətənə, dövlət atributlarına məhəbbət aşılanır.

***

 

Bakıda 157 saylı tam orta məktəbdə fevralın 21-də Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri məktəbin ibtidai sinif şagirdləri hazırlamışlar. Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülayə xanım Səttarova açmış, ana dilimizin qədim tariximizdən, babalarımızdan bizə hədiyyə olduğunu vurğulamış, dilimizin qorunması üçün hər bir Azərbaycan vətəndaşının borcu olduğunu qeyd etmişdir.“Ana dilimiz doğma dilimizdir”adlı tədbirdə məktəbin 4-cü sinif şagirdləri dilimizin gözəllikləri haqqında şeirlər söyləmiş, səhnəciklər nümayiş etdirmişlər.

 

***

 

Bakı  şəhəri  42 nömrəli Gənc Turistlər və Diyarşünaslıq Mərkəzində “Beynəlxalq Ana dili günü” münasibətilə musiqili - ədəbi tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Məmmədəli Həsənov açmışdır.

Çıxış  edənlər  “Beynəlxalq Ana dili”  gününün bütün dünyada qeyd olunmasının  tarixi əhəmiyyətindən danışmış, yeni nəslə dövlət rəmzlərinin öyrədilməsinin vacibliyini bildirmişlər.

  Tədbirdə məktəblilərin ifasında vətənimiz Azərbaycanı, doğma ana dilimizi, bayrağımızı vəsf eyləyən mahnılar, şeirlər səsləndirilmiş, səhnəciklər göstərilmişdir.

  Video çarx vasitəsilə  doğma yurdumuza, onun əsrarəngiz gözəlliyinə, görməli yerlərinə, muzey və tarixi abidələrinə - “Ana dili abidəsinə” qiyabi səyahət edilmişdir.

  Sonda tədbir iştirakçıları Mərkəzin dərnək üzvlərinin dövlət rəmzlərinə həsr etdikləri yaradıcılıq sərgisi ilə tanış olmuşlar.

 

***

 

Bakı Şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi fevralın 21-də  164 nömrəli  məktəbdə Beynəlxalq Ana Dili Günü münasibətilə “Bu mənim ana dilimdir!” mövzusunda ədəbi-bədii kompozisiya keçirmişdir. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Məktəbdənkənar sektorunun müdiri Afiq Əzizov, baş məsləhətçi Rövşən Əliyev, Bakı şəhərinin məktəbdənkənar müəssisələrinin rəhbərləri, Azərbaycanın əməkdar jurnalisti Hacıqənbər Ağayev, şair-publisist, həkim Zakir Ağdamlı, rejissor Əlfaim Əziz, bəstəkar Kəmalə Cəmilqızı, 46 №-liMəktəbdənkənar Tərbiyə İşi Mərkəzi və 164 №-li məktəbin müəllimləri, uşaqlar iştirak etdilər. Tədbirin keçirilməsində məqsəd ana dilimizi sevdirmək, doğma dilin incəliklərini uşaqlara aşılamaqdan ibarət olmuşdur.Uşaqların ifasında səslənən şeir və mahnılar ana dilimizə həsr olunmuşdur.