02.03.2015

BŞTİ rəhbərliyi Bakı məktəblərinin direktorları ilə görüşüb

28 fevral tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin direktorları ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi arasında görüş keçirilmişdir.

Görüşdə, Nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov, BŞTİ-nin müfaviq struktur bölmə rəhbərləri və İdarənin əməkdaşları da iştirak etmişdir.

Nazir müavini Ceyhun Bayramov Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na toxunaraq təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərdən olduğunu bir daha xatırlatmış, BŞTİ-nin həyata keçirəcəyi yeniliklərdən söz açmışdır. Nazir müavini eyni zamanda, bu ildən etibarən I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparılacağını vurğulamış və bunun  məqsəd və mahiyyəti barədə məktəb rəhbərlərini ətraflı məlumatlandırılmışdır.

Görüş qarşılıqlı müzakirə şəklində baş tutmuş, direktorlar tərəfindən müxtəlif fikir və təkliflər səsləndirilmiş və verilən çoxsaylı suallar nazir müavini Ceyhun Bayramov tərəfindən cavablandırılmışdır.