12.03.2015

“Sağlam həyat tərzi” mövzusunda rəsm müsabiqəsi keçirilib

Sağlam həyat tərzi hər bir insanın öz sağlamlığını  yaxşılaşdırmağa, xəstəliklərdən qorunmağa və sağlam həyat qurmağa yönəlmiş  yaşam formasıdır. Sağlam həyat tərzi dərslərə hazırlığın, fiziki əməyin, ailənin, məişətin, asudə vaxtın və ictimai fəaliyyətin səmərəli təşkilini özündə əks etdirir.

Martın 6-sı 24 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzində “Sağlam həyat tərzi” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə Yasamal rayonu ərazisində yerləşən məktəblərin şagirdləri və mərkəzdə  fəaliyyət göstərən  dərnəklərin üzvlərindən 1000-ə yaxın şagird  iştirak etmişdir.

Müsabiqə 3 yaş mərhələsi üzrə (6-10 yaş, 11-13 yaş və 14-17 yaş) keçirilmişdir.

Rəsm müsabiqəsində ümumilikdə 69 uşaq qalib gəlmiş, hər yaş mərhələsi üzrə 1, 2, 3-cü yerlər və 20 həvəsləndirici yerə layiq görülən uşaqlara fəxri fərman və hədiyyələr təqdim olunmuş, xatirə şəkilləri çəkilmişdir.

Rəsm müsabiqəsinə bir çox qonaqlar dəvət olunmuşdur. Onlardan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar təhsil sektorunun müdiri Afiq Əzizov, Azərbaycan Respublikası  Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə işçi qrupunun rəhbər müavini Vasif Quliyev, Yasamal rayon Bələdiyyəsinin sədri Zakir Cəfərov, Respublika QİÇS-lə mübarizə mərkəzinin həkimləri Ceyhun Nəcəfov və Yeqanə Zeynalova, Bakı şəhər Narkoloji Dispanserin həkimi Elçin Axverdiyev, 173 saylı tam orta məktəbin direktoru Aybikə Həsənova çıxış etmiş  və  uşaqlara  sağlam həyat arzulamışlar.

Sonda 24 №-li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin direktoru Gülarə  Quluzadə gələn qonaqlara, müsabiqədə iştirak edən uşaqlara, onların valideynlərinə, məktəb direktorlarına, ümumiyyətlə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirmiş və qalib gələn şagirdləri təbrik etmişdir.