13.03.2015

Əməkdar incəsənət xadimi, şair, publisist Baba Vəziroğlu ilə görüş

Martın 10-u Bakı şəhəri 246 nömrəli orta məktəb - liseydə Əməkdar incəsənət xadimi, şair, nasir, publisist, kinodramaturq, tərcüməçi Baba Vəziroğlu ilə görüş keçirilmişdir.

Görüşü giriş sözü ilə məktəbin direktoru Almaz Bayramova açmış, şairin məktəblilərlə görüşünün şagirdlər üçün böyük önəm daşıdığını qeyd etmişdir. Direktor bu tipli tədbirlərin uşaqların tərbiyəsinə, dünya­görüşünə, söz ehtiyatlarının zənginləşməsinə, bədii mütaliəsinə müsbət təsir edəcə­yini xüsusi vurğulamışdır.

Tədbirdə öncə Baba Vəziroğlunun həyat və yaradıcılığına həsr olunmuş video­rolik göstərilmiş, aparıcı şairin lirik şeirlərində axıcılıq, səmimilik, yüksək poetikliyin olduğunu diqqətə çatdırılmışdır.

Görüşdə şairin sevilən əsər­lərindən biri olan “Heydər xalqım söyləyəcək, xalq Heydər deyəcək” adlı musiqi kompozisiyası izlənilmişdir. Sonra şagirdlər mahnı sədaları altın­da şair Baba Vəziroğlunun şeirlərindən nümunələr söyləmiş, nəğməkar şairin sözlərinə bəstələnmiş mahnı­lar ifa etmişlər.

Şagirdlər hazırladıqları şeirləri və nəğmələri söylədikdən sonra söz şair Baba Vəziroğluna verilmiş, şair şagirdlərlə görüşün onun üçün xüsusi məna kəsb etdiyini vurğulamışdır. O, öz çıxışında dövlətin təhsil islahatlarını bəyən­diyini qeyd etmişdir. Şair onun bugünkü yüksəlişində təhsilinə, müəllimlərinə minnət­dar olduğunu diqqətə çatdırmış və şagirdlərə də yüksək təhsil uğrunda bütün çətinliklərə dözməyi tövsiyə etmişdir.  Öz tərcümeyi - halından danışan Baba Vəziroğlu vaxtilə İsmayıllı rayonunda kənd məktəbində təhsil aldığından, Bakı Dövlət Universi­tetinin jurna­listika fakültəsini bitirdiyindən, Moskvada M. Qorki adına Ədəbiyyat İnsti­tutunda təhsilini davam etdirdiyindən, daha sonra isə Bolqarıstanda tərcüməçilik kurs­larında oxuduğundan bəhs etmişdir.

Görüşdə mək­təbin Azərbaycan dili və ədəbiyyat müəllimi Baba Məhərrəmli çıxış edərək bil­dirdi ki, Baba Vəziroğlunun şeirlərində Azərbaycan dilinin bütün incə­likləri, axıcılığı əks olunub. Şagirdlərin milli ruhda böyüməsi, doğma dillərinin zəngin söz ehtiyatına yiyələn­mələri üçün Baba Vəziroğlu kimi ziyalı­larla, ədiblərlə tanışlığı, canlı ünsiyyəti, sıx təması mühüm önəm daşıyır.

Sonra şair müəllim və şagird kollektivi qarşısında öz şeirlərini səsləndirmiş və şagird və müəllimlərin müxtəlif mövzulardakı suallarını ətraflı cavablandırmışdır.

Tədbirin sonunda şagird və müəllim kollektivi Baba Vəziroğlunu gül dəstələri ilə yola salmışdır.