17.03.2015

Bahar nağılı

Martın 14-də  Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında  Paşa Nəzərov adına 60 saylı tam orta məktəbin 2d sinfi, Bahar nağılı və Solmaz Amanovanın “Turac” nağılı əsasında tamaşa səhnələşdirmişdir.

Tamaşanın ərsəyə gəlməsində əsas məqsəd məktəbdə istedadlı şagirdlərin üzə çıxarılması və mütaliə vərdişlərinin kiçik yaşlardan formalaşdırılmasıdır.

Şagirdlər böyük həvəs və həyəcanla hazırladıqları tamaşanı tədbir iştirakçılarına nümayiş etdirmiş, bir aktyor peşəkarlığı ilə öz rollarını ifa etmişlər.

Onlara bu kiçik addımlarında sinif müəllimləri Aygün Ağayeva dəstək olmuş, tamaşanın və rəqslərin quruluşu, dekorasiyalar onun tərəfindən hazırlanmışdır.

Tədbir geniş şəkildə təşkil olunmuşdur. Belə ki, tədbirdə məktəb rəhbərliyi, pedaqoji heyətlə yanaşı valideynlər də iştirak etmişdir. Həmçinin, “Turac” nağılının müəllifi, uşaq yazıçısı Solmaz Amanova da tədbirə dəvət olunmuşdur.

Məktəb rəhbərliyinin, Solmaz Amanovanın, valideynlərin və sinif rəhbərinin köməyi ilə meydana çıxan gözəl tamaşa  tədbir iştirakçıları, qonaqlar tərəfindən böyük marağa səbəb olmuşdur.

Sonda tədbirə dəvət alan qonaqlar, müəllimlər və valideynlər şagirdləri uğurlu tamaşa münasibətilə təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər arzulamışlar.

Tədbirdə çıxış edən valideynlər məktəbdə şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsinə görə sinif müəlliminə və məktəb rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.