31.03.2015

Məktəblərdə 31 mart-Azərbaycanlıların soyqırım gününə həsr edilmiş tədbirlər keçirilib

Soyqırım bir millətin, xalqın soyunun şüurlu şəkildə qırılması, məhvi deməkdir. Ermənilər azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım etmişlər. Düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişdir. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdur.

Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti bir əsrdə bir neçə dəfə təkrarlanmış, 31 martda  Stepan Şaumyanın başçılığı altında qısa müddət ərzində 50 mindən çox azərbaycanlı həlak olmuşdur. 

Bu gün dünyanın müxtəlif  ölkələrində 31 mart – Azərbaycanlıların  soyqırımı  gününə həsr edilmiş tədbirlər,  anım mərasimləri,  konfranslar keçirilir.

Eyni zamanda, məktəblərdə də bu gün yad edilmiş, tariximizin qanlı səhifəsi barədə məlumatlar gələcəyimiz olan şagirdlərə çatdırılmışdır.

 

Bu gün Nəsimi rayonu  Saleh Poladi adına 159  N-li tam orta məktəbdə  31 Mart  azərbaycanlılarının  soyqırım günü yad edilmiş, VIII-XI siniflər arasında inşa müsabiqəsi keçirilmişdir. İnşa müsabiqəsində şagirdlər  I, II, III yerlərə  layiq görülmüşdür. Soyqırım günü məktəbimizdə  xüsusi yad olunmuşdur.  Məktəb üzrə bütün siniflərdə “31 Mart Soyqırım” günü ilə əlaqədar sinif divar qəzetləri çıxarılmış və 31 mart soyqırım günü valideyn, müəllim və şagirdlərin iştirakı ilə geniş tədbir keçirilmişdir.

***

Bu gün Nəsimi rayonu 28 № li  tam orta məktəbin  şagirdləri “ Bir günün tarixi “ adlı dəirmi masa keçirmişlər. Tədbirdə  tarix müəllimi Bağırlı Kazım çıxış etmiş, şagirdlər sual-cavabda iştirak etmişlər. Tədbirin sonunda  azərbaycanlıların soyqırımına dair sənədli film göstərilmişdir.

***

Eldar Quliyev adına 145 №-li  tam orta məktəbdə 31 mart- Azərbaycanlıların soyqırımı gününün 97-ci il dönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirin məqsədi yaxın bilib süfrəmizdə əyləşdirdiyimiz, çörəyimizə şərik etdiyimiz mənfur, nəmərd qonşularımızın bir əsirdə başımıza açdığı zülmləri, etdiyi əzabları, törətdiyi cinayətləri ifşa etmək idi.

Tədbir təlim-tərbiyə işləri üzrə direktor müavini-təşkilatçı  S.Nəzərovanın çıxışı ilə açıq elan edilmişdir. Tədbirdə 10-cu sinif şagirdi Arzu Xəlilova S.Rüstəmin “Xatırla” şeirini söyləmişdir. 3-cü sinif şagirdi Əliyeva Esmira müəllimin başçılığı altında şagirdlər tarixi kompozisiya təqdim etmiş və mövzu üzrə şeirlər söyləmişdir. Tədbir iştirakçılarına soyqırıma aid slaydlar və sənədli film göstərilmişdir.      

***

31 Mart 2015 -ci il tarixdə Nəsimi rayonu 133 №-li tam orta məktəbdə  31 mart Azərbaycanlıların  Soyqırımı günü ilə əlaqədar geniş tədbir keçirilmişdir.Əvvəlcə şagirdlər soyqırım  qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Məktəbin tarix müəllimi X.Abbasova və X - XI sinif şagirdləri Soyqırım barədə geniş məlumat vermiş və soyqırımla bağlı videoçarx nümayiş etdirilmişdir. Məktəbin şagirdləri tərəfindən hazırlanan Soyqırıma  həsr edilmiş stendlərə tədbir iştirakçıları tərəfindən baxış keçirilmişdir.