03.04.2015

Zöhrab Tahirlə görüş

Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumtəhsil məktəblərin şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə əmr ilə əlaqədar 60 №li tam orta məktəbdə 2 aprel tarixində görkəmli yazıçı və şair Zöhrab Tahirlə görüş keçirilmişdir.

IX, X, XI sinfin şagirdləri iştirak etdiyi görüşdə ilk öncə məktəbin direktoru G.Rəcəbova yazıçını şagirdlərə təqdim edərək sözü Zöhrab Tahirə vermişdir. Söhbəti tərbiyəvi mövzuyla açan yazıçı öz həyatı, fəaliyyəti və yaradıcılığı haqqında ətraflı məlumat vermişdir. Sonra 50 il əvvəl yazdığı ”Anamın əlləri” şeirini oxuyaraq qeyd etmişdir: “Allahdan sonra müqəddəsliyinə görə ana gəlir, müqəddəsləri də ana yetişdirib və böyüdüb”.

Cəbhə bölgələrində Qubadlı, Zəngilan, Cəbrayıl və digər rayonlarda görüşlərdə, səngərdə olduğu  haqqında, övladlarımızın göstərdikləri qəhrəmanlıqlardan, erməni separatçılarının qəddarlığı haqqında söhbət açaraq şagirdləri vətənə-doğma yurda məhəbbət ruhuna kökləmişdir. Qeyd edək ki, Böyük Vətən müharibəsinin 70 illik yubileyi ərəfəsində yazdığı əsərlərinə görə Moskva Yazıçılar Birliyi tərəfindən “Azərbaycan Ədəbiyyatı günləri” keçirilmiş və Zöhrab Tahir “Mayakovski adına Beynəlxalq Ordeni”  mükafatı ilə təltif olunmuşdur.

Görüşdə şair qeyd etmişdir ki, o məktəbin kitabxanasına 18 cildli kitablarını hədiyyə vermiş, ”Yiyəsiz nişan üzüyü” , “Dənizlə nişanlı qız” əsərlərini oxumağı şagirdlərə tövsiyyə etmişdir. Sonra yazıçı şagirdlərin suallarını cavablandırmışdır.

Çıxışdan sonra G. Rəcəbova yazıçıya öz minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, “Güman edirik ki, məktəbin şagirdləri üçün bu görüş Vətən sevgisi, Yurd doğmalığını, gənclərimizin inkişafı, yüksəlişi, “Ana” məhəbbətini daha da əzəmətli etmişdir.