20.04.2015

TƏBİƏT BİZİM SƏRVƏTİMİZDİR

Məktəblilərdə ətraf mühitə sağlam münasibətin formalaşması,  ekoloji  biliklərin təcrübədə möhkəmləndirilməsi, təbiətə diqqət və qayğının artırılması məqsədilə Bakı şəhəri 44 nömrəli Ekoloji Tərbiyə və Təcrübəçilik  Mərkəzində “Təbiətə töhfəmiz” adlı yaşıllaşdırma aksiyası keçirilmişdir. 

Ekoloji  Mərkəz  Bakının  Müşfiqabad  qəsəbəsindəki 274 nömrəli tam orta məktəbdə yerləşir və həmin məktəbin, eyni zamanda yaxındakı 320 nömrəli tam orta məktəbin ərazisindəki yaşıllıq zolağında yaşıllaşdırma missiyasını yüksək səviyyədə həyata keçirir. Hər il əsasən də  payız və yaz fəsillərində burada  keçirilən yaşıllaşdırma aksiyalarında dərnək üzləri və pedaqoji kollektiv yaxından iştirak edir.

Ekoloji  Mərkəz  tərəfindən aprelin 17-də keçirilən növbəti aksiyada  “Bitkilərin ekologiyası”, Yaşıl aləm”, “Gənc ekoloqlar”,  və “Təbiət bizim evimizdir” dərnəklərinin üzvləri öz  dərnək rəhbərləri ilə birlikdə qeyd olunan məktəblərin yaşıllıq zolağını təmizləmiş, çinar, küknar, şam, söyüd və albalı ağaclarının yeni tinglərini basdırmışlar.

Bununla yanaşı aksiya iştirakçıları məktəbin həyətindəki Şəhidlər Xiyabanının ətrafında abadlıq işləri aparmış,  gül kolları əkmişlər.

Aksiya iştirakçıları məktəblərdəki dibçəkləri də yaddan çıxarmamış, çoxlu sayda dibçəklərə qulluq göstərilmiş, bəzi dibçəklər bərpa edilmişdir.