29.04.2015

Zərifə xanım Əliyevanın anım günü

 

Aprelin 28-də 39 nömrəli tam orta məktəbdə görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü geniş şəkildə qeyd olunmuşdur.

Tədbirdə şagirdlərin ifasında ingilis və Azərbaycan dillərində şeirlər səsləndirilmişdir.

 Tədbirdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi mənalı həyat yoluna nəzər salınmış, Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olunmuşdur.

Məktəbin 5-ci və 8-ci sinifləri tərəfindən "Həkim qız", "Ana laylası" mahnıları ifa olunmuşdur. Zərifə xanım Əliyevanın alim kimi elmə verdiyi töhfələri, səmimiliyi, vətəndaşlıq mövqeyi ilə hər zaman insanların qəlbində əbədi yaşamağa layiq olduğu tədbir iştirakçılarının çıxışlarında səslənmişdir.

Sonda məktəbin direktoru Tahirə xanım çıxış edərək Zərifə xanımın qayğıkeş ana, əsl insan kimi hər bir azərbaycanlı xanıma örnək olduğunu və elmi tədqiqatları ilə oftalmologiya elmində misilsiz xidmətləri olduğunu bildirmişdir.

 

***

Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar dərnək üzvlərinin ziyarəti

 

Bakı şəhəri  29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin kollektivi və dərnək üzvləri aprelin 26-da  Zərifə Əliyevanın anadan olmasının 92 illiyi və 10 may Ulu Öndər Heydər Əliyevin 92 illiyi ilə əlaqədar Fəxri xiyabanda olmuşlar.

 Dərnək üzvlərinə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın görkəmli oftalmoloqu Zərifə xanım  Əliyevanın həyatı haqqında  məlumat verilmiş,  Heydər Əliyevin Azərbaycanın dünəni və bu günü üçün gördüyü işlərdən, uzaqgörən siyasətindən, Z.Əliyevanın oftalmologiya elminin inkişafında  müstəsna xidmətlərindən danışılmışdır. Zərifə Əliyeva 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir, o,  həmçinin yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da  böyük əmək sərf etmişdir.Dərnək üzvləri onların məzarlarını ziyarət etmiş, məzarları üzərinə gül dəstələri qoymuşlar.