05.05.2015

5 №li məktəbdə V. Şeksprin yaradıcılıq gecəsi keçirilib

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin  “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi  və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” ilə bağlı müvafiq əmrini rəhbər tutaraq  Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə  şagirdlərdə xarici ədəbiyyata, dünya klassiklərinin əsərlərinə maraq oyatmaq, həmçinin onlarda ingilis dilində nitq qabiliyyətini inkişaf etdirmək məqsədilə aprelin 30-da dünya şöhrətli ingilis yazıçısı Vilyam Şeksprin yaradıcılığına həsr edilmiş  ədəbi- bədii gecə keçirilib.

Gecədə “Azərbaycan müəllimi” qəzetinin nümayəndəsi Rəşad Ziyadov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Lalə Qarayeva, Qafqaz  Universitetinin əməkdaşı Vüsal Yaqubov, Beynəlxalq gənclər təşkilatının əməkdaşı Fidan  Əliyeva, 246 N-li tam orta məktəbin direktoru Almaz Bayramova, Bakı modern məktəbinin nümayəndəsi Samirə Teymurova, Bakı Pedaqoji Kadrların İxtisas Artırma ve Yenidənhazirlanma İnstitutunun əməkdaşı Fatma Sofiyeva və Azərbaycan Dillər Universitetinin nümayəndəsi  Ülkər Zeynalova qonaq qismində   iştirak ediblər.

Məktəblilərin V. Şekspir əsərlərinin qəhrəmanlarını özündə əks etdirən  rəsmlərindən ibarət  sərgi akt zalının nəfis tərtibatına xüsusi rəngarənglik gətirib.

  Gecəni ingilis dilində açan məktəbin  direktoru  Nərminə Gündüzlü qeyd edib ki,

 5 nömrəli tam orta məktəb adi orta ümumtəhsil məktəbi olub və şagirdlərin həftədə 2 və ya 3 dəfə ingilis dili öyrənməsinə baxmayaraq, onlar öz fikirlərini, düşüncələrini sərbəst ingilis dilində söyləmək qabiliyyətinə malikdirlər.

Tədbir  10ç sinif şagirdi Aytac Mirzəyevanın “All the world is a stage” şeiri ilə başlayıb. Tədbir boyu şagirdlər dahi yazıçının sonet və şeirlərindən parçalar söyləyib, “Romeo və Julietta” , “Kral Lir”, “Otello”, “Hamlet”, “İnadkarın ram edilməsi” kimi əsərlərindən səhnələşdirilmiş parçaları böyük məharətlə nümayiş etdiriblər.

Tədbirdə  dahi yazıçının yaradıcılığı ilə əlaqədar müxtəlif video çarxların nümayişi, XVI əsr saray rəqsinin ifası, şagirdlərin  ingilis dilində  səlist nitq qabiliyyəti, xüsusilə də məktəbin direktoru N.M.Gündüzlünün bu gecədə rol alıb Şekspirin  “Otello “  əsərindən monoloq söyləməsi tədbirdə iştirak edənlərin böyük marağına səbəb olub.

  V.Şeksprin “Hamlet” əsərindən  Hamletin  “ To be or not to be” monoloqu, “Madriqal” şeiri  şagirdlərdən İsmayıllı Nərgiz və   Alqayeva Eldanənin ifasında məharətlə səsləndirilib.

Tədbirin sonunda Qafqaz universiteti tərəfindən bütün iştirakçılara hədiyyələr paylanıb, qonaqlarla xatirə şəkilləri çəkdirilib.