07.05.2015

60 №li məktəbin şagirdləri “Solğun çiçəklər”i canlandırıb

 

Mayın 1-də Rəşid Behbudov adına Mahnı teatrının səhnəsində 60 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında dahi dramaturq Cəfər  Cabbarlının “Solğun çiçəklər” pyesi tamaşaya qoyulub.

 

 Tamaşa məktəbin 6, 8, 9 və 10 cu sinif şagirdləri tərəfindən hazırlanıb, baş rolları Baxşıyev Abbas, Rəhimova Nigar, Seyidəliyeva Zəhra, Quliyeva Aysun, Əsgərzadə Əsgər ifa edib.  Tamaşaya quruluş verən və səhnələşdirən Səfurə Rəhimova məktəbin biologiya müəllimi olmasına baxmayaraq, dərs tədris etdiyi siniflərdə şagirdlərin ədəbiyyata olan marağını görərək onlara dəstək olub.                          

Şagirdlər tərəfindən böyük həyəcan və sevinclə hazırlanan tamaşada əsl teatr bayramı yaşanıb. Uşaqlar öz rollarını məharətlə, əsl aktyor bacarığı ilə  ifa edərək tamaşaya dəvət olunan qonaqları, məktəb kollektivini və öz valideynlərini təəccübləndiriblər.

     40 dəqiqəlik davam edən tamaşadan sonra Yasamal Rayonu İcra Hakimiyyətinin,  Təhsil Nazirliyinin nümayəndələri, 60 nömrəli tam orta  məktəbin direktoru Günel Rəcəbova, tədbirə dəvət olunmuş  digər məktəblərin direktorları çıxış ediblər. Sonda iştirakçılara və Səfurə Rəhimovaya xüsusi təşəkkürnamə və gül dəstələri təqdim olunub.