08.05.2015

Tərbiyə İşi Mərkəzinin uşaq şəhərciyində tədbir

 

Mayın 7-də Bakıdakı 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin uşaq şəhərciyində Təhsil Nazirliyi, DİN Baş Dövlət Yol Polisi İdarəsi və mərkəzin təşkilatçılığı ilə tədbir keçirilib.

“Yol hərəkəti qaydaları: yadda saxla və riayət et” mövzusunda keçirilən tədbirdə Təhsil Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, “Həyata bağlan” qrupunun təmsilçiləri, Bakı şəhərindəki ümumi təhsil məktəblərinin 100-ə yaxın şagirdi iştirak edib.

Tədbirdə çıxış edənlər yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənməyin və buna əməl etməyin vacib olduğunu vurğulayıblar. Bildirilib ki, yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi, yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə məktəb və məktəbəqədər tərbiyə müəssisələrinin müəllimləri arasında maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir.

Şagirdlərin ifasında yol hərəkəti qaydalarına, yol polisinə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib. Xüsusi formalar geyinmiş məktəblilər interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlarda iştirak ediblər.

Sonda uşaqlar yol hərəkəti ilə bağlı səhnəciklər göstərərək kiçik maşınlarla şəhərciyi dövrə vurublar.