08.05.2015

Təhsil Nazirliyi tərəfindən qanvermə aksiyası təşkil olunub

 

Mayın 8-də Təhsil Nazirliyi tərəfindən Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə qanvermə aksiyası təşkil olunub.

8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar keçirilən aksiyada nazirliyin əməkdaşları fəal iştirak ediblər.

Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər. Toplanan qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankına daxil ediləcək.

Aksiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası tədbirlərinə dəstək olaraq təşkil edilib.