09.05.2015

XALQ ÜÇÜN YAŞANAN ÖMÜR

 

Heydər Əliyevinanadan olmasının 92-ci ildönümü təhsil müəssisələrində qeyd olunur

 

May ayının 7-si 39 nömrəli tam orta məktəbdə müstəqil Azərbaycan Respublikasının qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təntənəli tədbir keçirilib.

Güllərlə bəzədilən məktəbdə tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə xanım Şükürova açıq elan edib. Tahirə xanım Ümummilli liderimiz, Ulu Öndərimiz Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan şagirdlərə danışaraq qeyd edib ki, “Bizim müstəqil dövlətdə, yaşamağımız, müasir Azərbaycan dövlətinin yaranması məhz Heydər Əliyevin uğurlu siyasətinin bəhrəsidir. Heydər Əliyev bütün dünyaya Azərbaycanı tanıdan şəxsiyyətdir. Ölkəmizin günü-gündən inkişaf etməsi üçün bu yolu layiqli irsin davamçısı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir”.

Daha sonra şagirdlər Ulu Öndərə həsr edilmiş şeirlər söyləyib. Tədbirdə H. Əliyevin həyatını, keçdiyi mənalı ömür yolunu əks etdirən video-çarxlar nümayiş etdirilib.

 

***

 

Ölkəmizin hər bir vətəndaşı  Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin  bəhrəsini zaman-zaman   hiss edəcək, bundan  yararlanacaqdır. Heydər Əliyev elə bir unikal, nadir  şəxsiyyətdir ki, onun müəyyənləşdirdiyi siyasi kurs heç zaman köhnəlmir, onun ideyaları yeni bir idarəçilik mexanizmi kimi qəbul olunur.

Bakı şəhəri Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbin kollektivi parlaq şəxsiyyət Heydər Əliyevin 92 - ci il dönümünə həsr edilmiş tədbir keçirib.Tədbirdə Ulu öndərin xatirəsi bir  dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məktəb kollektivi, şagirdlər və valideynlərlə yanaşı Nəsimi rayonu 21-ci polis bölməsinin yetkinlik  yaşına çatmayanlarla iş üzrə   şöbəsinin rəisi, polis mayoru  T.Məmmədov, 46 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin əməkdaşı Vəfa Məmmədova iştirak ediblər.

Tədbirdə xalqın inamını özünə qaytaran, sabitlik və əmin – amanlıq yaradan Ulu öndərin böyük xidmətlərini xatırladan slaydlar iştirakçılara nümayiş etdirilib. Şagirdlərin ifasında ədəbi – bədii kompozisiya göstərilib, ulu öndərə həsr olunan şeirlər səsləndirilib, musiqilər ifa olunub. H.Əliyevin işlətdiyi müdrik kəlamlarının səsləndirildiyi tədbirin sonunda  məktəbin direktoru Samirə Əkbərova da çıxış edərək, ulu öndərimizin keçdiyi həyat yolunu və siyasi mövqeyini hər zaman özümüzə nümunə olaraq qəbul etməyimizi tövsiyə edib.

***

291  nömrəli Ekologiya liseyindəmayın 7-də  8,9 və 11-ci sinif şagirdlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Xəzinə”intellektual yarışması keçirilib.

İntellektual yarışma Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan edilib. Sonra liseyin direktoru Sevinc xanım Orucova Ulu öndər Heydər Əliyevin həyat yolundan söz açıb və yarışmada iştirak edən komandalara uğurlar arzulayıb.

Yarışmanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Anar Mirzəyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf  Layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova,  BŞTİ-nin Nərimanov rayonu üzrə nümayəndəsi Şirindil Əhmədov, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, AMEA-nın üzvü Elvin Əliyev, Hədəf  kurslarının Tədris işləri üzrə direktoru  Elxan Nəcəfov izləyiblər. Bir saat davam edən intellektual yarışmanın qalibləri diplom və hədiyyələrlə təltif ediliblər. 

***

 

Mayın 2-də Bakı  şəhəri  R.Əliyev  adına 3 nömrəli tam  orta məktəbdə  Ulu Öndərimiz H.Əliyevin  anadan olmasının 92 – ci ildönümünə  həsr  olunmuş  tədbir  keçirilib. Tədbirdə professor, yazıçı-publisist  Adil  Babayevin  Heydər  Əliyevə  həsr  olunmuş “Koroğlunun  Çənlibelə  qayıdışı” əsərinin  tamaşası  nümayiş olunub. 9 – cu sinif  şagirdləri  tərəfindən  səhnələşdirilmiş əsər  bütün  tədbir  iştirakçılarının marağına səbəb olub və  tamaşaçıların rəğbətini qazanıb.

Tədbirdə  yazıçı , professor Adil  Babayev, Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin  müdir  müavini elmlər doktoru, professor  Hüseyn  Əsgərov, professor Təyyar  Salamov, dosent Vaqif İsrafilov, ”Ulduz” jurnalının baş redaktoru Qulu  Ağsəs, ədəbiyyatşünas Təranə Həşimova, Azərbaycan  müəllimi  qəzetinin  və digər  mətbuat  orqanlarının əməkdaşları, məktəb  direktorları, valideynlər  və şagirdlər  iştirak  ediblər.

 

***

Bakı şəhəri 20  nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Azərbaycan” adlı rəsm müsabiqəsi  keçirilib. Müsabiqədə Səbail rayonunun 14 ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.

Müsabiqənin əsas məqsədi  Azərbaycanın layiqli övladı, əsl vətənpərvər insan, bütün ömrünü Azərbaycanın çiçəklənməsinə, xalqının rifahına, gənclərin təhsilinə,uşaqların xoşbəxtliyinə  həsr edən, bir sözlə, əsl vətəndaşlıq timsalına çevrilən Heydər Əliyev dühasının xatirəsini yad etmək,  Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun əsaslarının məhz ulu öndərimiz tərəfindən qoyulması haqqında şagirdləri bir daha maarifləndirmək olmuşdur.

Rəsm müsabiqəsində iştirak edən 22 şagird Ulu Öndər Heydər Əliyevin mənəvi və siyasi  keyfiyyətlərini öz əsərlərində əks etdiribdilər.

Müsabiqənin sonunda Nəzrin Mirzə I yer, Əmral Məmmədov II yer, Həsən Muradov isə III yerə layiq görülüblər  və Mərkəzin diplomları ilə təltif olunublar.

 

***

Bakı şəhəri 36 nömrəli Texniki Yaradıcılıq Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və “Gül bayramına”  həsr olunmuş dərnək üzvlərinin əl işlərindən ibarət texniki yaradıcılıq sərgisi keçirilib.     

Tədbirdə  Bakı  Şəhəri üzrə  Təhsil İdarəsinin, Təhsil Nazirliyinin  əməkdaşları - Afiq Əzizov, Hilal Salmanov,  Fəqan Hüseynov,  Mərkəzin dərnək rəhbərləri,  dərnək üzvləri və valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Yaradıcılıq Mərkəzinin direktoru Təranə Aslanova açaraq qonaqlara sərgi  haqqında ətraflı məlumat verib.  Dərnək üzvləri  Aysu Rəcəbova, Sara Mirzəyeva, Raqif  Şahverənli, Rəhimə Nemətova, Fatimə Rəşidova, Safura Allahyarova, Gülçin Ağayeva ədəbi bədii kompozisiya ilə tədbir iştirakçılarını salamlayıblar.          

Sonra  “İnformatika” dərnəyinin üzvləri tərəfindən hazırlanmış  Ümummilli lider Heydər Əliyevin həyat və  fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib.

Eyni zamanda, tədbirdə “Bacarıqlı əllər”,  “Texniki estetika”,  “Gənc dizayner”  və  “İnformatika” dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sərgidə əl işləri ilə daha çox fərqlənən  dərnək üzvləri Texniki Yaradıcılıq Mərkəzinin diplomları ilə təltif ediliblər.

 

 

***

Bakı şəhəri  29 №-li  Uşaq Yaradıcılıq Mərkəzi Pirallahı rayon Gənclər parkında mayın 4-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Gül bayramı münasibətilə sərgi təşkil edib.

Sərgiyə tamaşa edənlər dərnək üzvlərinin əl işlərindən ibarət rəngarəng sərginin eksponatları ilə maraqla tanış olublar. Ulu öndər Heydər Əliyevin müxtəlif gül və çiçəklərlə bəzədilmiş portiretləri, gül şəklində tikmələr və maketlər, göz oxşayan gül kompozisiyaları və ikebanalar sərgi iştirakçılarının diqqətini cəlb edib.

 I Avropa Oyunlarının rəsmi simvolları- Ceyran və Nar da eksponatlar arasında öz  yerini tutub. Şagirdlərin söylədiyi Ulu öndər Heydər Əliyevdən bəhs edən  şeirlər bayram tədbirinə xüsusi rəngarənglik qatıb.

Sərgiyə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov, millət vəkilləri Aydın Mirzəzadə və Rauf Əliyev və digər fəxri qonaqlar iştirak edib. Sərgi ilə yanaşı Uşaq xalq rəqsləri dərnəyinin üzvləri musiqi sədaları altında rəqs ediblər.

 

***

Tədbirlərin davamı olaraq 29 №-li  Uşaq Yaradıcılıq Mərkəzimayın 6-da Ulu öndər Heydər Əliyevin 92-ci ildönümü və 9 may Faşizm üzərində Qələbə günü münasibəti ilə dərnək rəhbərləri, dərnək üzvləri və valideynlərlə birgə dəyirmi masa keçirib. Dəyirmi masa H.Əliyevin və şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlanıb.

Mərkəzin direktor əvəzi Sevda Bəşirova dəyirmi masanın bu mövzular ətrafında keçirilməsinin əhəmiyyətindən danışıb. Daha sonra dərnək rəhbərləri çıxış edərək Heydər Əliyevin ömür yolundan, Azərbaycan xalqı üçün gördüyü dövlət əhəmiyyətli işlərdən söz açıblar.

Dəyirmi masada dərnək üzvləri Heydər Əliyevlə bağlı şeirlər söyləyib, Ulu öndərin sözlərindən sitatlar gətiriblər.

Eyni zamanda, 9 may Faşizm üzərində qələbə günü ilə bağlı dəyirmi masa iştirakçılarına məlumat verilib, dərnək üzvləri dərs vəsaitlərindən öyrəndikləri məlumatları dəyirmi masa iştirakçılarına çatdırıblar.

Dəyirmi masada dərnək üzvlərinin Azərbaycan tarixi ilə bağlı sualları da cavablandırılıb.

Dəyirmi masada müəllimlərlə yanaşı valideynlər də çıxış edərək belə tədbirlərin keçirilməsindən razı qaldıqlarını bildiriblər.