15.05.2015

Dostluq festivalı

 

Çingiz Mustafayev adına 25 nömrəli  Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin fəaliyyətini təşkil edilərkən uşaqların maraq və istəklərini nəzərə almaqla yanaşı onların milli – mənəvi ruhda tərbiyələnməsini də əsas götürülür. Uşaqlar               adət - ənənələrimizə uyğun tərbiyə alır, milli – mənəvi irsimizi dərindən öyrənir. Eyni zamanda digər xalqların adət - ənənələri ilə yaxından tanış olur. Artıq neçə illərdir ki,  mərkəzin kollektivi xarici dövlətlərdə keçirilən festivallarda uğurla iştirak edərək Azərbaycanın üçrəngli bayrağını səmalara qaldırır. Xarici dövlətlərdə Azərbaycan musiqisini , rəqslərini , xalq yaradıcılığını nümayiş etdirir. Mərkəzin kollektivi hər il Türkiyə respublikasında (İstanbul, Yalova, Bursa, İzmit, İzmir, Silivriya,  Antalya ) , Gürcüstanda (Tiflis, Batumi, Rustavi), Ukraynada (Xarkov) keçirilən beynəlxalq müsabiqələrdə şərəflə Azərbaycanı təmsil edir və digər xarici dövlətlərin uşaq yaradıcılıq kollektivləri ilə daima sıx əlaqə qurur.  Mərkəzin dərnək üzvləri müntəzəm olaraq xarici ölkələrdə yaşayan uşaqlarla dostluq tədbirləri təşkil edir.

Belə tədbirlərdən biri də Gürcüstan respublikasının “Ceruli” uşaq xalq yaradıcılıq kollektivinin üzvləri ilə birgə təşkil olunmuş “Dostluq festivalı ” olmuşdur. “Dostluq festivalı” mayın 2-də Mərdəkan mədəniyyət evində keçirilmişdir. Festivalda hər iki ölkənin uşaq kollektivi milli folklorlarını nümayiş etdirmişlər. Mərkəzin rəqs kollektivi milli rəqslərimizdən “Qaytağı”, “Uzundərə” , “Nəlbəki”, “Naz eləmə” , “Şallı ” rəqslərini nümayiş etdirmiş, Azərbaycan haqqında kompozisiya ilə çıxış etmişlər. Mərkəzin “Zirvə” kollektivi “Folklyor Festivalı Laureatı”  diplomu ilə təltif olunmuşdur.