29.05.2015

Bu gün məktəblərdə “Son zəng” qeyd olunur

 

Bu gün tədris həftəsi 5 günlük olan ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün “son zəng” çalınıb.

 2014-2015-ci tədris ilində Bakı şəhərindəki  ümumi təhsil məktəblərinin XI sinfini 20501 şagird bitirib.

Son zəng ilə bağlı bir çox  Bakı məktəblərində tədbirlər keçirilib. Son zəng münasibətilə Qaradağ rayonu 228 nömrəli tam orta məktəbdə böyük bayram proqramı təşkil edilib. Tədbirdə nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edənCeyhun Bayramov, Qaradağ rayonun icra başçısının müavini Təranə İsmayılova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri, məktəbkollektivi və valideynlər iştirak ediblər.

Son zəng tədbirində Ceyhun Bayramov çıxış edərək 2014-2015-ci tədris ilində baş verən yeniliklərdən söz açıb. O, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin keçirilməsi, bununla əlaqədar cənab Prezident İlham Əliyevin sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin dərs yükü normasının 1,5 dəfə, vəzifə maaşlarının iki dəfə artırılması və sərəncamın müəllimlərin sosial rifahı baxımından önəmi, müəllimlərin işə başlayarkən andiçmə mərasiminin keçirilməsi kimi önəmli yenilikləri öz çıxışında xüsusilə vurğulayıb. Ceyhun Bayramov məzunlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində onun nailiyyətlərini daha da artırmağı arzulayıb.

Tədbirdə məktəbin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib və səhnəciklər göstərilib.

Qeyd edək ki, tədris həftəsi 6 günlük olan məktəblərin məzunları üçün "Son zəng” tədbiri isə mayın 30-da təşkil olunacaqdır.