04.06.2015

İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticə göstərən müəllimlər və inzibati heyət mükafatlandırılıb

 

Mayın 20-23-də keçirilən tədbirlərin yekunu olaraq bu gün Park İnn otelində İKT savadlılığının artırılması üzrə təlimlərdə  yüksək nəticə göstərən ibtidai sinif müəllimlərinin və  inzibati heyətin mükafatlandırılma mərasimi keçirilib. Bu gün keçirilən yekun tədbirdə 97 nəfər inzibati heyət, 93 nəfər ibtidai sinif müəllimi sertifikat, kompüter və prometan lövhələrlə mükafatlandırılıb.

Qeyd edək, İnnovativ Texnologiyalar Təşkilatı və Təhsil Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən İnnovativ Texnologiyalar Təşkilatı tərəfindən Bakı şəhəri üzrə ibtidai sinif müəllimləri və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən  inzibati heyət üçün 3 ay ərzində müvafiq olaraq  “İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə”  və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlər həyata keçirilib.

Tədbirdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva “Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn layihələrin həyata keçirilməsi və bu layihələrin önəmindən söz açıb.

Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov IKT sahəsində əldə edilən yeniliklər, onların təhsilə inteqrasiyası barəsində danışıb. O, zamanın tələbi olan bu sahədə kadr hazırlığının önəmini xüsusilə vurğulayıb.

Ümumiyyətlə diaqnostik qiymətləndirmədən müvəffəqiyyətlə keçmiş, həm də təlimlərdə iştirak edərək yekun qiymətləndirmədən yüksək bal toplayan  1103 müəllim və inzibati heyət sertifikata və müxtəlif hədiyyələrə layiq görülüb.