17.06.2015

“Parlaq Zəka” intellektual oyunu başa çatıb

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar 2015-ci il üçün  Fəaliyyət  Planı”na  əsasən məktəblilərin  bilik, bacarıq və qabiliyyətlərinin, yaradıcılıq potensialının  müəyyənləşdirilərək  daha da inkişaf etdirilməsi,  asudə vaxtlarının səmərəli  təşkili,  habelə  müxtəlif  bilik  yarışlarında  bilavasitə iştirakının  sistemli  şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə şəhərin  Binəqədi,  Nəsimi,  Xətai, Yasamal  və  Pirallahı  rayonlarındakı  bir sıra ümumtəhsil  məktəblərinin  komandaları  arasında  “Azərbaycan  Universitetinin  İntellektual  Klubu”  İctimai birliyi ilə birgə  cari ilin aprel- may aylarında Rusiyanın “Birinci kanalında” yayımlanan  “Umnitsi i umniki”  verilişinin  lisenziyalı analoqu, idman - televiziyadankənar versiyası - “Parlaq Zəka” intellektual oyununa yekun vurulmuşdur. Humanitar - ictimai profilə əsasən tarix, ədəbiyyat, mədəniyyət, incəsənət üzrə bilikləri əhatə edən intellektual oyunda ümumilikdə  25 ümumtəhsil məktəbi, 125 şagird iştirak etmişdir.

“Dədə Qorqud”  plazada  keçirilən oyunun final mərhələsində  rayon  qalibləri - 16 (“Texniki Humanitar”  liseyi),  287 (“Zəkalar” liseyi), 53, 299 və  168 nömrəli məktəblərin qalib komandaları yarışmışlar. Gərgin mübarizə şəraitində keçən yarışmada final mərhələsinin qalibləri müəyyənləşdirilmişdir. Daha  yüksək nəticə göstərən “Zəkalar” liseyi 24 xalla birinci, 168 nömrəli ümumtəhsil məktəbi 16 xalla ikinci, 16 nömrəli “Texniki Humanitar” liseyi isə 15 xalla üçüncü yerə layiq görülmüşlər. Qaliblər  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  və  “Parlaq  Zəka”  İntellektual   Klubunun diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.

Təltifetmə mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, “Parlaq Zəka”  intellektual  oyunun layihə rəhbəri Aydın Piriyev qalibləri təbrik edərək məktəblilərin oyuna olan maraqlarının  və  hazırlıqlarınn yüksək səviyyədə olması,  intellektual oyunların tarixində ilk dəfə olaraq “Parlaq Zəka” oyununun idman versiyasının əsasının qoyulması, televiziya versiyasında növbəti illərdə oynamaq üçün yeni oyunçular nəslinin formalaşmasından danışmış, belə intellektual oyunlara  gələcəkdə daha çox məktəblərin cəlb olunacağını bildirmişlər.