01.07.2015

Tennis Festivalı

 

Bakı Tennis Akademiyasında “Öz  sağlamlığına, gələcəyinə, rifahına yox demə!” devizi altında VI ənənəvi tennis festivalı keçirilib. Tədbirdə millət vəkili Jalə Əliyevə, “Təhsil”  Respublika İdman Mərkəzinin direktoru Natiq Lahicov, Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin direktoru Qiyas Nəcəfov, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşları Rövşən Əliyev, Valentina Sultanova , Bakı şəhəri  7 nömrəli  İxtisaslaşdırılmış Olimpiya  Ehtiyatları  Uşaq-Gənclər Tennis  İdman Məktəbinin direktoru Mahir Quliyev və  idman ictimaiyyətinin digər  nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan millət  vəkili Jalə Əliyevə Respublikamızda ölkə rəhbərliyi tərəfindən  bütün sahələrə olduğu kimi, idman sahəsinə də çox  diqqət və qayğı göstərildiyini bildirib.  Bakıda  və Respublikanın bütün   rayonlarında  yeni idman komplekslərinin, qurğularının tikildiyini, gənc idmançılar üçün  hər cür şəraitin yaradıldığını  qeyd edib.

“Təhsil”  Respublika İdman Mərkəzinin direktoru  Natiq  Lahicov,   Respublika  Bədən Tərbiyəsi və İdman Mərkəzinin  direktoru Qiyas Nəcəfov və başqaları çıxış edərək  gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması,  sağlam   həyat  tərzində  böyümələri və istedadlarını nümayiş etdirmələri  istiqamətində görülən işlərdən söz açıblar,  ənənəvi  olaraq hər il keçirilən belə  idman tədbirlərinin əhəmiyyətinin vacibliyini diqqətə çatdırıblar.

Sonda   2014-2015-ci tədris ilində tennis idman növü üzrə yüksək nəticələr göstərmiş bir qrup idmançılara   diplom,  medal,  kubok və qiymətli  hədiyyələr təqdim olunub.