05.10.2015

Təhsil işçiləri ilə görüş keçirilib

 

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə idarənin rəhbərliyi və 2013 – 2014 – cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim”, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin qalibləri ilə görüş keçirilib. Qeyd edək ki, 2013 – 2014 – cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim”, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 dekabr 2014 – cü il tarixli sərəncamlarına müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan 7 ümumtəhsil məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi”, 4 müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.

Görüşdə çıxış edən nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov təhsil sahəsində aparılan islahatlardan, Azərbaycan prezidenti cənab İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində aparılan addımlardan danışıb.

Ceyhun müəllim ümumtəhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə prezident İlham Əliyevin dövlət ümumtəhsil müəssisələrində çalışan,bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında imzaladığı sərəncama da diqqət çəkib. Nazir müavini onu da bildiribki, müəllimlik bütün dövrlərdə ən şərəfli peşə hesab olunduğu üçün, bu adı daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərildiyi üçün son zamanlar ölkəmizdə müəllim olmaq istəyənlərin sayında artım da özünü göstərir.

Sonda 2013 – 2014 – cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə sertifikat verilib.