06.11.2015

Səyyar qəbullara başlanılır

 

        Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə müəllim və valideynlərin səyyar qəbulunu keçirməyə başlayır.

        Qeyd edək ki, 2015 – 2016 – cı tədris ilinin ilk səyyar qəbulu oktyabrın 16 – da keçiriləcəkdir.Xəzər rayonu üzrə 156 nömrəli tam orta məktəbdə keçiriləcək səyyar qəbula Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə məktəblərin və məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllim və valideynləri müraciət edə bilərlər.          

        Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

        Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.

        Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və valideynləri narahat edən məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər həll ediləcək və lazımi təşkilatı və maarifləndirmə tədbirləri görüləcəkdir.