06.11.2015

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir

 

        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 22, 26, 27, 29, 42, 43 və 46 nömrəli məktəbdənkənar  təhsil müəssisələrində  Azərbaycan Respublikasının  Dövlət Müstəqilliyinin bərpası – “18 oktabr-Milli Müstəqillik Günü”nə həsr olunmuş tədbirlər keçirilmişdir.

        “Müstəqillik yollarında”, “Ad günün mübarək, Azərbaycan!”,  “Heydər Əliyev və Azərbaycan”, “Müstəqilliyimiz milli sərvətimizdir”, “18 oktyabr- Dövlət Müstəqilliyi günüdür!”, “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir”, “Müstəqilliyimizin 24-cü  ildönümü”, “Müstəqilliyimiz əbədidir”, “Yaşasın azad  Azərbaycanım” mövzularında keçirilən  tədbirlərdə, rəsm sərgiləri, diskusiyalar, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar və konsert proqramlarında  dövlət müstəqilliyimizin tarixinə nəzər salınmış, müstəqillik dövründə  ölkəmizin əldə etdiyi uğurlar vurğulanmışdır.

        Azərbaycan tarixinə qızıl hərflərlə yazılan – Dövlət Müstəqilliyinin  24-cü illiyinə  həsr olunmuş tədbirlərdə şagirdlər ifa etdikləri  şeir və mahnılarda, hazırladıqları rəsm və əl işlərində  vətənə, doğma yurdumuza olan sevgi və məhəbbətlərini  bildirmişlər.

        Məktəbdənkənar  təhsil müəssisələrində  bu münasibətlə divar qəzetləri, bukletlər buraxılmışdır.